Böyük Britaniyada 60-dan çox uşaq “Kinder Surprise” adlı yumurta formalı şokoladlardan salmonellaya (təhlükəli qida infeksiyası) yoluxub. Bu barədə İngiltərə Qida Standartları Agentliyi (FSA) açıqlama yayıb.
Bildirilib ki, müəyyən ölçülərdə və qablaşdırmada olan “Kinder Surprise” məhsullarının geri çağırılması qərara alınıb. “Kinder Surprise” istehsal edən “Ferrero” şirkəti də açıqlamasında son istifadə tarixləri olan məhsulların yeyilməməsi və geri qaytarılmasını istəyib.
Qeyd edilib ki, bu infeksiya, əsasən, 5-6 yaş arası uşaqlarda aşkarlanıb.
İngiltərədən başqa İrlandiya, Fransa, Almaniya, İsveç və Niderlandda da salmonellaya yoluxma müşahidə olunub.
Qeyd edək ki, salmonellanın simptomlarına ishal, ürəkbulanma, qusma və qızdırma daxildir.
Onu da bildirək ki, “Kinder Surprise” adlı yumurtaya Azərbaycanda da böyük tələbat var. Uşaqlar böyük həvəslə adıçəkilən şokolad yumurtalardan istifadə edir. Qeyd edildiyi kimi yumurtalarda uşaqlar üçün təhlükəli virus varsa, ölkəmizdə bu sahəyə necə nəzarət olunacaq?
Aynur Əliyeva: “Şokoladın tərkibi çox keyfiyyətsizdir, şokoladın içinə qoyulan plastmas qabın özü də keyfiyyətsizliyi ilə seçilir”
Pediatr Aynur Əliyeva bildirdi ki, "Kinder" şokoladlarını qəti şəkildə uşaqlara vermək olmaz: “Ən keyfiyyətsiz şokoladlar haqqında danışanda birinci növbədə "Kinder"in adını çəkirik. Həm şokoladın tərkibi çox keyfiyyətsizdir, həm də şokoladın içinə qoyulan plastmas qabın özü keyfiyyətsizliyi ilə seçilir. Beləliklə, plastmas qabda olan zəhərli maddələr şokolada keçir. Nəticədə uşağın zəhərlənməsi baş verir. Alsalar da, oyuncağı ilə uşaqlar oynasın, amma qətiyyən şokoladını uşağa verməyin. Bir sözlə, ən təhlükəli, ən zərərli şokolad "Kinder"dir.
Eyyub Hüseynov: “Dükanlarda vaxtı keçmiş "Kinder"lər satılır”
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirdi ki, istehlakçı hüquqlarını qoruyan dünya təşkilatları hər üç ildən bir dünya konqreslərində bu cür malların uşaqlar üçün zərərli olduğunu qeyd edir: "Bildirirlər ki, bu cür malların reklamı az olsun və düzgün təbliğat aparılsın ki, uşaqlar bu mallardan uzaq dursun. O cümlədən, "Kinder" şokoladlarının da zərərli olması istisna deyil. Hətta "Kinder"dən çıxan oyuncaqların qoparaq uşaqların udlağında, boğazında qalması ilə bağlı ölüm halları da baş verib.
Dükanlarda vaxtı keçmiş "Kinder"lər satılır. Mən bu şokoladın satılmasına qarşıyam. Valideynləri də bu şokoladı almamağa çağırıram".
Günel CƏLİLOVA