Son zamanlar məktəblərlə bağlı çoxlu sayda məlumatların şahidi olmuşuq. Bu dəfə məktəb binasında otaqların kirayə verilməsinin şahidi olduq. Belə ki, elan saytlarında Yeni Yasamalda, “Qismət” şadlıq sarayının yanında yerləşən məktəb binasında otaq kirayə verilməsi qeyd olunub.
Elanda bildirilir ki, 3 mərtəbəli məktəb binasının 2-ci mərtəbəsində 1 otaq kirayəyə verilir. Elanda kirayə verilən otağın kommunal xidmətlərinə, yəni qaz, su, işıq puluna görə ödəniş olmayacağı yazılıb. Hamam-tualetin isə ayrı olduğu vurğulanır. 200 manata təklif edilən kirayə otaq elanı izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.
Məktəb binasında otağın necə kirayə verildiyi hər kəsdə maraq doğurub.
“Kirayə verilən otaq həqiqətən də məktəb binasında yerləşir və sözügedən məktəbdə 1 deyil, 2 otaq kirayə verilir”
Məsələ ilə bağlı elan saytında qeyd olunan 051 977 44 52 nömrəsi ilə əlaqə saxladıq. Özünü “makler” kimi təqdim edən şəxs “Bakı-Xəbər”ə açıqlamasında bildirib ki, kirayə verilən otaq həqiqətən də məktəb binasında yerləşir və sözügedən məktəbdə 1 deyil, 2 otaq kirəyə verilir. Kirayə mənzil üçün işıq, su, qaz da pulsuzdur. Birinin qiyməti 200, digərinin isə 125 AZN təşkil etdiyini bildirdi. Makler onu da qeyd etdi ki, əgər otaq kirayə götürülərsə, maklerə 50 AZN xidmət haqqı ödəniləcək”.
Məktəb binasında otağın kirayə verilməsinə gəlincə, makler bildirdi ki, artıq həmin bina tədris müəssəsi kimi fəaliyyət göstərmir: “Bina üç mərtəbəlidir. Binanın ikinci mərtəbəsində olan otaqlar icarəyə verilir. Bina köhnədir, dərs keçilmir”.
Günel CƏLİLOVA