Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa edilən güzəştli evlərin satışının ikinci mərhələsi başa çatdı. Agentliyin məlumatına görə, 442 mənzilin seçimində 8939 nəfərin iştirak etdiyi açıqlanıb. Amma mənzillərin satışa çıxarıldıqdan sonra bir neçə saniyə ərzində satılması kütləvi narazılıqlara səbəb olub. Bu barədə sosial şəbəkələrdə kütləvi narazılıqlar öz əksini tapıb, müzakirələr aparılıb.
Xatırladaq ki, bir neçə il öncə də MİDA-nın mənzil seçimi prosesi zamanı sistemində texniki problemlər yaranmış və bu cəmiyyət arasında böyük narazılıqlara səbəb olmuşdu. Əksər insanlar MİDA-da mənzil seçimi və ya mənzil alışının xüsusi yollarla aparıldığını düşünür. Hətta MİDA-nın da qara bazara çevrildiyini iddia edirlər.
Müxtəlif ekspertlər, proqramçılar sistemin düzgün qurulmadığını və mənzillərin bu qədər tez, yəni 5 saniyədə satışın imkansız olduğunu iddia edir.
Qeyd etdiyimiz kimi, MİDA tərəfindən inşa edilən sosial evlərin satışı ilə bağlı narazılıqlar səngimir. Illərdir bu binadan ev almaq istəyənlərin istəyinin boşa getməsi onları daha da qəzəbləndirib. Bu səbəbdən təklif edilir ki, güzəştli mənzillər təkrar satışa çıxarılsın.
Maraqlıdır, 4-5 saniyəyə baş tutan mənzil satışları ləğv oluna bilərmi? Həmin mənzillər yenidən satışa çıxarıla bilərmi?
“… məhkəmə qərarı olarsa, həmin satışlar ləğv edilə bilər”
Iqtisadçı ekspert Natiq Cəfərli qeyd etdi ki, MİDA-nın satdığı mənzillərin satışı yalnız iki halda ləğv oluna bilər: “İlk olaraq bildirim ki, buna MİDA-nın idarə heyəti qərar verə bilər. Yaxud da özlərini aldadılmış hesab edən alıcılar öz hüquqlarını qorumaq üçün məhkəməyə müraciət edə bilər. Yaxşı olardı ki, bir neçə nəfər qrup şəklində bu məsələ ilə bağlı məhkəmə iddiası qaldırsın. Məhkəmə qərarı olarsa, həmin satışlar ləğv edilə bilər. Amma başqa cür bunun ləğv olunması mümkün deyil”.
Ekspert hesab edir ki, MİDA-da mənzil satışı ilə bağlı güvən yaratmalı olan sistem, əksinə, güvənsizlik və şübhələr doğurdu. Ona görə də bu çox ciddi yoxlanılmalıdır. Orada hansı proseslərin baş verdiyini İT mütəxəssiləri vasitəsilə əlaqədar hüquq-mühafizə orqanları çox asanlıqla yoxlaya bilər: “Amma nədənsə, bugünə qədər bununla bağlı yoxlamaların başlaması haqqında məlumat da yoxdur”.
Günel CƏLİLOVA