Hazırda ölkənin əksər yollarında təmir işləri aparılır. Aparılan təmir işləri zamanı küçə və prospektlərin asfalt örtüyü yenilənir, bütün kommunal xətlər dəyişdirilir.
Biləsuvar rayonunda kanalizasiya sisteminin yenidən qurulması üçün şəhərin əsas küçələrində qazıntı işləri aparılıb. Bu işləri həyata keçirən “Azərsu" ASC işlərini yekunlaşdırsa da yolların bərpası hələ də əvvəlki vəziyyətinə qayıtmayıb. Adıçəkilən ərazinin yolları məlum təmir işi ilə bağlı qazıldıqdan sonra keçilməz vəziyyətdədir. Yerli sakinlərin bildirdiyinə görə, yollar artıq yarım ildir ki, bərbad vəziyyətdədir. Təbii ki, bu vəziyyətdən ən çox əziyyət çəkən sürücülərdir. Onların dediyinə görə, şəhərin mərkəzi küçəsi ilə yanaşı, Nizami Gəncəvi və Mübariz İbrahimov küçələrində də eyni vəziyyətdir: “Yollar dağıldığından, avtomobillərimizin ehtiyat hissələri tez-tez sıradan çıxır. Yağmurlu havada yol daha da keçilməz vəziyyətə düşür. Digər tərəfdən hərəkət zolağının eninin azalması qəzaların artmasına səbəb olur. Kanalizasiya sistemini yeniləmək məqsədilə yollar qazılıb. Artıq işlər başa çatıb. Buna baxmayaraq hələ də yollar əvvəlki vəziyyətinə qaytarılmayıb".
“… bu işlər yol təsərrüfatı tərəfindən yaxın günlərdə aparılacaq”
Məsələ ilə bağlı "Azərsu" ASC–nin sözçüsü Anar Cəbrayıllı bildirdi ki, Biləsuvar rayonunda dövlət büdcəsi hesabına kanalizasiya xətləri tikintisi həyata keçirilib: “İşlər artıq yekunlaşıb. Həmin ərazidə əks dolğu kipləşdirmə işləri aparılıb. O ki qaldı yolun asfalt örtüyünün vurulmasına, bu işlər yol təsərrüfatı tərəfindən yaxın günlərdə aparılacaq. Bununla bağlı müqavilə də imzalanıb".
Günel CƏLİLOVA