Son günlər şəkərli diabetdən əziyyət çəkən vətəndaşlar poliklinika və poliklinika nəzdində olan apteklərdə dərman çatışmazlığından şikayətlənirlər. Sakinlər deyir ki, neçə vaxtdır dərman qıtlığı müşahidə edilir. Belə ki, şəkərli diabet xəstələrinə dərmanlar ya heç gətirilmir, ya da say əskikliyi ilə verilir. Bunun nə səbəbdən belə olduğuna isə poliklinkalar aydınlıq gətirmir. Vəziyyət o yerə çatıb ki, bəzi poloklinikalarda buna görə qarşıdurma baş verir.
Qeyd edək ki, şəkərli diabet xəstəliyindən əziyyət çəkən vətəndaşlarımız dövlət tərəfindən pulsuz dərmanlarla və testlərlə təmin edilir. Ancaq bir neçə aydır bu xəstəlikdən əziyyət çəkən vətəndaşlar narazıdılar. Çünki lazım olan dərmanlarla təmin edilmirlər. Vətəndaşlar deyir ki, poliklinikalar həkimin yazdığı dərmanların hamısını vermir. Elə xəstələr var ki, şəkərli diabetlə bağlı ötən ayın dərmanlarını belə ala bilməyiblər. TƏBİB yaranmış vəziyyətlə əlaqədar məsələyə aydınlıq gətirmir.
Maraqlıdır, nəzərə alsaq ki, bu dərmanlar dövlət hesabına təmin edilir, o zaman şəkərdən əziyyət çəkənlərə niyə əziyyət verilir? Niyə dərmanların verilməsi yubadılır?
“Ortada narazılıq var və müvafiq şöbələr cavab verməlidir”
Sözügedən məsələyə aydınlıq gətirən Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti, tanınmış həkim Aydın Əliyev bunun səbəbini müəyyən obyektiv və subyektiv amillərlə əlaqələndirdi: “Problem ondadır ki, Rusiyanın Ukraynaya müdaxiləsindən sonra ümumiyyətlə dərman çatışmazlığı problemi var. Nəzərə almaq lazımdır ki, Azərbaycan dərman pereparatlarına olan tələbatının 98 faizini idxal hesabına təmin edir. Şəkərli diabetdən əziyyət çəkənlərin dərman təminatı dövlət hesabınadır. O baxımdan Səhiyyə Nazirliyi buna aydınlıq gətirməlidir. Yəni bəlli olsun ki, dərman qıtlığı nə ilə bağlıdır. Buna səbəb müharibədir, yoxsa ortada bizim bilmədiyimiz digər səbəblər var. Bununla yanaşı, Səhiyyə Nazirliyi ölkəmizdə şəkərli diabetdən əziyyət çəkənlərin sayını və onlara nə qədər dərman verildiyinin statistikasını açıqlamalıdır. Şəkərli xəstələrə gətirilən dərmanların sayı, dozası elan olunmalıdır ki, filan qədər ölkəyə dərman gətirilib. Yalnız o zaman bilmək olar ki, bu dərmanların “itkisi” harda baş verir. Təəssüflər olsun ki, bütün bunlar olmadığına görə dərman qıtlığı ilə bağlı qeyri-müəyyənlik davam edir. Əslində ölkəyə lazım olan qədər dərman gətirilir, sadəcə ayrı-ayrı yerlərdə bu yoxa çıxır. Səhiyyə Nazirliyinin yerli orqanlarında və yaxud da təminatda problemlər var. Hesab edirəm ki, nazirlik buna aydınlıq gətirməlidir. Ortada narazılıq var və müvafiq şöbələr cavab verməlidir. Dövlət dərmanları alırsa, o zaman bu hara gedir? Təəssüf doğuran məqam həm də odur ki, ölkənin sağlamlığı ilə məşğul olan Səhiyyə Nazirliyi faktiki olaraq bir neçə yerə bölünüb. 1.TƏBİB, 2.Qida Təhlükəsizliyi Agentliyi, 3.Səhiyyə Nazirliyi. Hətta Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də bu işə baxır. Görün nə qədər qurum bu işlə məşğul olur. Bir nazirliyin ki, idarələri bölündü və sərbəst fəaliyyətə başladı, o zaman belə problemlər çox olacaq”.
Bu baxımdan tanınmış həkim problemin həllini sözügedən qurumların birləşdirilməsində görür.
Vidadi ORDAHALLI