Məktəbəqədər təhsil müəssisələrinin işçilərinin məzuniyyətlə bağlı narahatlıqları var. Onların narazılığına səbəb hazırda bağçalarda məzuniyyət günlərinin müəyyənləşdirilməsi ilə bağlı qeyri-müəyyənliyin hökm sürməsidir. Belə ki, əvvəlki illərdə bağça əməkdaşları üçün məzuniyyət günləri ilin əvəlindən müəyyən edilirdi, ancaq bu il indiyədək bu barədə dəqiq məlumat əldə edə bilmirlər.
Məlumatlara görə isə, məzuniyyətlə bağlı dəyişiklik nəzərdə tutulur. Belə ki, məktəbəqədər təhsil müəssisələrində də məzuniyyət müddəti məktəblərdəki kimi olacaq. Bu isə məktəbəqədər təhsil müəssisələrində çalışanların narazılığına səbəb olur.
“Məzuniyyət günlərinin müəyyən edilməsindəki gecikmə əmək müqaviləsinin müddəti uzadılmış bir çox çalışanın müqaviləsinə xitam veriləcəyi ilə bağlıdır”
Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov bildirdi ki, məzuniyyət günlərinin müəyyən edilməsindəki gecikmə əmək müqaviləsinin müddəti uzadılmış bir çox çalışanın müqaviləsinə xitam veriləcəyi ilə bağlıdır: “Məlumdur ki, Prezidentin 2021-ci il dekabr sərəncamına görə, uşaq bağçaları və körpələr evləri Təhsil Nazirliyinə verildi. Bağlanmış əmək müqavilələri iyul ayına qədər uzadılıb. Amma bu o demək deyil ki, həmin müqavilələr müddətsizdir. Yaxın günlərdə işə qəbul prosesi, eyni zamanda, attestasiya keçiriləcək və müəyyən bir qisim işdən uzaqlaşdırılacaq. Qanunvericiliyin tələbinə görə, yalnız bu sahə üzrə ali və orta ixtisas təhsilli şəxslər saxlanılacaq. Məzuniyyəti ona görə indidən müəyyənləşdirmirlər ki, böyük əksəriyyətlə bağlanmış müqaviləyə xitam veriləcək və Əmək Məcəlləsinin 105-ci maddəsinə, eyni zamanda digər bəndinə görə də, məzuniyyətdə olan işçini işdən çıxara bilməzsən. Buna görə də aprel ayının sonu, ən geci may ayında kimlərlə müqavilələrin davam edib-etməməsi, eyni zamanda da onların məzuniyyəti təsdiq olunacaq. Sadəcə növbəlilik prinsipi var. Onlar tədris prosesi ilə deyil, təlim və tərbiyə ilə məşğuldurlar deyə məzuniyyətləri 30 gündür. Əgər onlar arasında pedaqoji fəaliyyətlə məşğul olanları varsa, onlar 56 gün məzuniyyətə çıxacaqlar. Digərləri isə, dediyim kimi, 30 gün və əlavə stajlarına görə məzuniyyətlərə buraxılacaqlar. Çünki təhsil müəssisələrindən fərqli olaraq uşaq bağçaları il boyu fəaliyyət göstərir”.
Günel CƏLİLOVA