Ukraynanın Xarkov vilayətindən təxliyə edilən Milli Qəhrəman Viktor Seryoginin ailəsi Moldovadan İstanbula yola salınacaq.
Bu barədə Azərbaycan mediasına Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov məlumat verib.
Səfirin sözlərinə görə, ailə İstanbuldan Bakıya göndəriləcək: “Milli Qəhrəmanın anası xəstəxanada müalicə alır. Bu gün bizim əməkdaşlar ananı xəstəxanadan çıxarıb ailə ilə birlikdə hava limanına aparacaqlar. Ailənin və onların iki pişiyinin sənədləri qaydasındadır, inşallah, tezliklə Bakıda olacaqlar”,- səfir bildirib.
Qeyd edilənə görə, Milli Qəhrəmanın ailə üzvləri Ukraynada hərbi əməliyyatların başa çatmasını gözləyirdi. Lakin martın 17-də onların evinə mərmi düşdükdən sonra təxliyə üçün müraciət etmək qərarına gəliblər.
Xatırladaq ki, Viktor Seryogin Birinci Qarabağ müharibəsində qəhrəmancasına həlak olub.
1992-ci il yanvarın 28-də onun idarə etdiyi və bortunda 47 sərnişinin olduğu Mi-8 mülki vertolyotu erməni mövqelərindən atılan "Stinger" istilik raketilə vurulub. Havada partlayış və salonda yanğın baş verdikdən sonra Seryogin düşməkdə olan təyyarəni Şuşa şəhərinin yaşayış məhəllələrindən uzaqlaşdıra bilib. Seryogin ekipaj və sərnişinlərlə birlikdə həlak olub. O, Bakıda Şəhidlər Xiyabanında dəfn edilib.
1992-ci ilin noyabrında ona ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanın adı verilib.
Baki-xeber.com