Goranboyun Veyisli kənd sakinləri 400 hektara yaxın arpa və buğda sahələrinə suyun vurula bilməməsi ilə bağlı narazılıq edir. Sakinlər qeyd edir ki, adıçəkilən kənddə 400 hektara yaxın taxıl sahələri susuzluqdan saralıb solur.
Qeyd edək ki, kəndlilər arpa, buğda sahələrini Şəmkir kanalından axan su ilə suvarırlar. Amma hazırda adıçəkilən kanalda sudan çox zir-zibil görünür. Təsərüffat sahibləri sonuncu dəfə dekabr ayında, səpin apardıqdan sonra sahələri suvara biliblər. Onlara martın ilk günlərində su veriləcəyi vəd olunsa da, kanalın susuz halı, taxıl zəmisinin isə vəziyyəti xoşagələn deyil.
Veyilsli kənd sakinləri min bir əziyyətlə becərdikləri zəmilləri yaşıllaşdırmaq üçün tezliklə Şəmkir maşın kanalına su gələcəyinə ümid edirlər. Onların fikirincə, ölkəmizin taxıl ixrac etdiyi ölkələrdə müharibə olması qıtlıq yaranmasına da gətirib çıxara bilər. Bunun üçün taxıl sahələrinə daha çox diqqət ayrılmalıdır: “Yaxşı məhsuldarlıq üçün buğdanı, arpanı 4 dəfə suvarmaq, bu mümkün olmadıqda isə, ən azı 3 dəfə su verilməsi vacibdir. Vəd vermişdilər ki, martda su veriləcək. Amma aprel də gəldi, hələ Şəmkir maşın kanalına su gəlməyib. Taxıl sahəmizi suvara bilməsək məhsuldarlıq olan deyil, qıtlıq yarana bilər”.
“Torpaqların suvarılmasını güzəştli və ədalətli şəkildə aparmaq üçün dövlət yeni proqram qəbul etməlidir”
Sosial sahə üzrə ekspert Elxan Əliyev qeyd etdi ki, rayonlarda müxtəlif ranqlı məmur və iş adamlarının böyük əkin və örüş sahələri mövcuddur, su ilk növbədə həmin yerlərə verilir. Burada növbəlilik sistemi pozulur. İstifadə olunan suyun haqqının ödənilməsində də problem var. Həm də istər məmurun olsun, istərsə də sadə vətəndaşın, kimliyindən asılı olmayaraq, əkin sahələri suvarılmalıdır. Çünki həmin sahələrdə kənd təsərrüfatı məhsulları istehsal edilir: “Odur ki, suvarma sistemlərinin yenidən qurulması vacibdir. Bölgələrdə su itkisi də ciddi məsələdir. Bunun üçün rayonlarda su istehsalat birlikləri yaradılıb. Torpaqların suvarılmasını güzəştli və ədalətli şəkildə aparmaq üçün dövlət yeni proqram qəbul etməlidir”.
Günel CƏLİLOVA