Xəbər verildiyi kimi, Cəlilabad rayonunda orta məktəb binasında uçqun baş verib. Hadisə rayonun Musalı kənd məktəbində qeydə alınıb. Qeyd edək ki, son günlər yağan intensiv yağış və qar səbəbindən orta məktəbin sinif kimi istifadə olunan dəhlizinin divar və döşəməsinin bir hissəsi uçub.
Uçqun səbəbindən orta məktəbdə tədris tamamilə dayandırılıb. Şagirdlərin qonşu kənddə yerləşən Zəhmətabad kənd orta məktəbində tədrisə cəlb olunması təmin olunub. Bu isə həmin tədris müəssisələrində yer çatışmazlığına səbəb olur.
Məlumat üçün bildirək ki, Musalı kənd tam orta məktəbi 1969-cu ildə palçıq və taxta konstruksiyalardan tikilib. Bu vaxta qədər heç bir əsaslı təmir işləri aparılmayıb. Elə bu səbəbdən də adıçəkilən məktəbdə uçqun qeydə alınıb.
Cəlilabad rayon Təhsil Şöbəsindən bildirilib ki, 19 mart 2022–ci il tarixdə yağan güclü qar nəticəsində Cəlilabad rayonu Musalı kənd tam orta məktəbinin binasının bir hissəsi yararsız vəziyyətə düşüb: "Bununla əlaqədar olaraq məktəbin hazırlıq qrupu və ibtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə təhsil alan şagirdlər təhlükəsiz şəkildə təhsillərini davam etdirməsi üçün 28 mart 2022-ci il tarixdən yaxın məsafədə yerləşən Zəhmətabad kənd tam orta məktəbinə köçürülüb. Hadisə tədris prosesinin olmadığı tətil günlərində baş verib".
"Tədrisin təşkili və reallaşdırılmasına uyğun daha çox təhsil ocaqları olmalıdır"
Təhsil eksperti Nizami Hüseynov bildirdi ki, ölkə ərazisində hələ də təmirsiz, istifadəyə yararsız məktəblər var. Dövlət başçısı tərəfindən prioritet məsələ kimi məktəb tikintiləri əsas götürülsə də, bu işdə ləngimələr var: “Ucqar kəndlərdə bu tip təhsil ocaqlarına daha çox rast gəlinir. Dövlət bununla bağlı müvafiq proqramlar həyata keçirir. Hər il ölkə başçısının sərəncamı ilə modul tipli məktəblər tikilir. Bu modul tipli məktəblərin, ən azından, təmirsizlər bərpa olunana kimi istifadəsi mümkündür. Həmçinin modul tipli məktəb formasında tədrisin davam etdirilməsi nəzərdə tutulur”.
Ekspert onu da əlavə etdi ki, şagirdlərin dərs oxumaq imkanları daha da yaxşılaşdırılmalıdır. Tədrisin təşkili və reallaşdırılmasına uyğun daha çox təhsil ocaqları olmalıdır.
Günel CƏLİLOVA