“Tenderin qalibi olan şirkət tərəfindən dövlət tibb müəssisələrinə dərman preparatlarının çatdırılması prosesinə başlanılıb”
Qəzetimizin ötən saylarından birində Tovuz rayonunda şəkər xəstəliyindən əziyyət çəkən pasiyentlərin dərmanlarını ala bilməməsi və dərman almaq üçün Tovuz Rayon Mərkəzi Xəstəxanasının qarşısına toplaşdığı barədə yazmışdıq. Məlumatlara görə, bir iş günü ərzində azı 150 nəfərə yaxın xəstə dərman üçün növbə gözləyir.
Keçən yazımızda Tovuz Rayon Mərkəzi Xəstəxanasının baş direktoru Paşa Muradovla əlaqə saxlayıb onun mövqeyini öyrənmişdik. P.Muradov bizimlə söhbətində problemin baş verməsinin əsas səbəbi kimi xəstə sıxlığını göstərmişdi: “Problemin yaranmasının başlıca səbəbi xəstə sıxlığı ilə bağlıdır”
Problemin baş vermə səbəbinə aydınlıq gətirilməsi üçün İcbari Tibbi Sığorta Agentliyinə də sorğu ünvanlamışdıq və Agentlik göndərdiyimiz sorğuya rəsmi cavab göndərib. Agentliyin rəsmi cavabında bildirilir ki, tovuzlu şəkər xəstələrinə tələb olunan həcmdə dərman vasitələri çatdırılıb: “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) “Şəkərli diabet üzrə Dövlət Proqramı” çərçivəsində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki dövlət tibb müəssisələrinin qeydiyyatında olan şəkərli diabet xəstələrinin müvafiq dərman preparatları ilə təmin olunmasını 2022-ci ilin mart ayından etibarən icra edir. Diqqətə çatdıraq ki, bu zamana qədər sözügedən dərman təminatı Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi tərəfindən həyata keçirilirdi.
Agentlik tərəfindən tibb müəssisələrindən qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı ilə bağlı məlumat əldə olunmuş və müvafiq dərman preparatlarının satınalınması ilə bağlı açıq tender keçirilmişdir. Tenderin qalibi olan şirkət tərəfindən dövlət tibb müəssisələrinə dərman preparatlarının çatdırılması prosesinə başlanılıb”.
Agentlikdən o da bildirilib ki, hazırda dövlət tibb müəssisələrinin şəkərli diabetlə bağlı dərman preparatları ilə təminatı həyata keçirilir.
“Nəzərinizə çatdıraq ki, Agentlik tərəfindən Tovuz Rayon Mərkəzi Xəstəxanasına cari ilin mart ayı ərzində şəkərli diabetdən əziyyət çəkən pasiyentlər üçün 21 adda 8 820 dərman preparatları təhvil verilib”- deyə Agentlikdən bildirilib.
İradə SARIYEVA