Rusiyada avtomobil təkərlərinin qiymətləri son bir ay ərzində təxminən 10-30 faiz artıb. Rusiyada istehsalı dayandıran xarici markaların təkərləri isə nəzərəçarpacaq dərəcədə bahalaşmaqdadır. Rublun məzənnəsində qeydə alınan dəyişikliklər bu sektorda, demək olar ki, hər gün dəyişir. Bu proses Azərbaycana da təsirsiz ötüşmür.
Belə ki, Rusiya-Ukrayna münaqişəsinin başlanmasından sonra yerli bazarda problemlər yaranmağa başlayıb. Problemin yaranmasına səbəb logistika sahəsində yaşanan çətinliklərdir.
Məhsulların böyük bir qismi Rusiya-Azərbaycan sərhədində qaldığı üçün bazarda təkər qıtlığı müşahidə olunur. Bu hal da qiymət artımına səbəb olur. Əvvəl 85 manata satılan təkər indi 100 manatdan yuxarı qiymətə təklif edilir.
Qeyd edək ki, əslində xammalın bahalaşması da dolayı yolla Rusiya ilə bağlıdır. Çünki təkərin istehsalı üçün istifadə edilən xammal (rezin) neftdən alınır. Neftin qiyməti bahalaşdığı üçün rezin də bahalaşıb. Neftin dünya bazarlarındakı qiyməti də elə Rusiyadakı proseslərdən asılıdır.
Sahib Feyzullayev: “Logistika problemləri qiymətlərin iki dəfəyə yaxın artmasına səbəb olub”
Təkər şirkətlərindən birinin rəhbəri olan Sahib Feyzullayev bildirir ki, Rusiya-Ukrayna münaqişəsinin başlanmasından sonra yerli bazarda problemlər yaşanır: “Logistika problemləri qiymətlərin iki dəfəyə yaxın artmasına səbəb olub. Hazırda aldığımız məhsulların böyük bir qismi Rusiya-Azərbaycan sərhədində qalıb. Konkret olaraq bizim sifariş verdiyimiz dörd TIR mal sərhəddədir. Bir TIR-da təxminən 30-50 min manatlıq mal var. Yaponiyanın “Yokohama” şirkətinin Rusiyadan çıxması da əsas problemlərdən hesab edilir. Vəziyyət belə davam etsə, biz malları Yaponiyadan sifariş verməli olacağıq. Bu isə çox əlverişsizdir. İlk növbədə malların ölkəmizə çatdırılmasına uzun müddət tələb olunacaq: təxminən altı-yeddi ay. Vəziyyət bu cür davam edərsə qiymət artımı davam edəcək. Onu da qeyd edim ki, yolunu gözlədiyimiz mallar gələndən sonra növbəti qiymət artımı olacaq. Çünki logistika xərcləri olduqca yüksəlib”.
Kamran Məmmədli: “Müharibə qısa müddətdə bitməsə vəziyyət daha da pisləşəcək”
Iqtisadçı Kamran Məmmədli bildirdi ki, Rusiya ilə Ukranya arasında yaşanan gərginlik ölkəmizdə bir sıra sahələrdə problemlərin yaranmasına səbəb olub: “Avtomobil ehtiyat hissələrinin satışında və tapılmasında çətinliklər yaşanır. Belə ki, Rusiyadan gələn təkərlər sərhəddə qaldığı üçün bu sahədə problemlər yaşanır. Şirkətlər məcbur olub Çin və Avropa bazarına müraciət etməli olur. Ancaq Çin istehsalı mallara güvən yüksək olmadığı üçün təlabat yüksək deyil. Avropa istehsalı olan təkər və ya digər malların qiyməti baha olur. Hər kəsin büdcəsi imkan vermir Avropa istehsalı olan təkər alsın. Rusiyadan gələn təkərlərə təlabat yüksək idi. Ancaq indi bazarda qıtlıq yaranır. Məlum müharibə qısa müddətdə bitməsə vəziyyət daha da pisləşəcək”.
Günel CƏLİLOVA