Mətbuatda yayılan məlumata görə, Davudov Pərviz Rəhim oğlu adlı şəxs 2021-ci ildə Azərbaycan Texniki Universitetinin (AzTU) Nəqliyyat və Logistika fakültəsini bitirsə də, bugünə kimi sözügedən universitetdən diplomunu ala bilmir.
Mətbuatda gedən məlumata görə, yaranmış problemlə bağlı Pərviz Davudov dəfələrlə AzTU rəhbərliyini məlumatlandırıb. Ona bildirilib ki, Təhsil Nazirliyinə müraciət etməlidir, diplomunu oradan almalıdır. Nazirlik isə AzTU-nun məzununa universitetə müraciət etməyi məsləhət bilib.
Maraqlıdır, vətəndaş ali təhsilini başa vurubsa niyə bu ali məktəbdən diplom ala bilmir, səbəb nədir?
AzTU: “Məsələni araşdırıb məlumat verəcəyik”
Məsələ ilə bağlı AzTU-nun mətbuat xidməti ilə əlaqə saxladıq. Mətbuat xidmətindən bildirdilər ki, problem haqqında məlumatlı deyillər və bu məsələni araşdırıb mətbuata açıqlama verəcəklər: “Belə bir məlumatı ilk dəfədir eşidirik. Məsələni araşdırıb məlumat verəcəyik”.
İlqar Orucov: “Əgər tələbə universiteti bitiribsə universitetin nə marağı ola bilər ki, məzunun diplomunu verməsin?”
Vətəndaşın iddası ilə bağlı ekspert rəyi də öyrənməyi qərara aldıq. Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəsləfə doktoru İlqar Orucov bizimlə söhbətində bildirdi ki, ilk dəfədir Pərviz Davudov adlı vətəndaşın şikayəti barədə eşidir. “Açığı, Davudov Pərviz Rəhim oğlunun Texniki Universitetin məzunu olaraq diplom ala bilməməsi ilə bağlı şikayətini birinci dəfə sizdən eşidirəm. Hesab edirəm ki, burada bizim bilmədiyimiz hansısa məqamlar var. Sözün düzü, mən rektor başda olmaqla Texniki Universitetinin rəhbərliyində təmsil olunan şəxslərin necə şəffaf insan olmalarına əminəm. Bu insanları şəxsən tanıyıram və bilirəm ki, bu insanlar bizim əvvəlki illərdə gördüyümüz ənənəvi rəhbərliklərdən deyillər. AzTU-nun rektoru həqiqətən də tələbəyönümlü rektordur, tələbənin mənafeyini üstün tutan bir insandır. Açıq danışaq, tələbə olmasa, demək o universitet yoxdur. Universitetdə hər şey tələbə naminə olmalıdır. Təhsilin keyfiyyəti, tələbəyə münasibət də, tələbəyə qarşı sərtlik də, humanizm də o baxımdan olmalıdır. Mən bu baxımdan Texniki Universieti rektor baxımından bəxti gətirmiş ali məktəblərdən biri sayıram. Hesab edirəm ki, AzTU-da hər hansı bir neqativlər mümkünsüzdür. Mən bu məsələnin səbəbini araşdıra bilərəm. Hansı səbəbdən onun diplom almasında problemlər var?
Bu məzunun şikayətinin detallarını bilmirəm, hansı səbəbdən diplom ala bilməməsindən məlumatsızam, ona görə də, bu haqda danışmağa çətinlik çəkirəm.
Tələbə əgər universiteti bitiribsə, o əlbəttə, öz diplomunu almalıdır. Diplomların hazırlanmasına da vaxt, zaman gedir. Ola bilsin ki, onun diplomu hazır deyil, bu halda o ali təhsil almasını təsdiq edən arayışla təmin olunmalıdır. Əgər tələbə universiteti bitiribsə universitetin nə marağı ola bilər ki, məzunun diplomunu verməsin? Heç bir marağı ola bilməz”.
İ.Orucov deyir ki, həmin şəxs o ali məktəbi bitiribsə, o universitet hər zaman onun həyat yolunda onunla olacaq və o ali məktəbi bitirdiyini deyəcək. İ.Orucovun fikrincə, ali məktəbin tələbənin diplomunu verməməkdə heç bir marağı ola bilməz. “Ola bilsin, diplomu hazır deyil. Burada başqa nə ola bilər? Bu adam qeyd etdiyiniz kimi bu məsələni ictiamiləşdirib, universitetə, təhsil nazirliyinə müraciət edib... Amma onun diplomunu hansı səbəbdən almaması aydın deyil”- deyə İ.Orucov qeyd etdi.
İradə SARIYEVA