Birinci Qarabağ müharibəsi zamanı öz doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlər Azərbaycanın müxtəlif bölgələrində məskunlaşdılar. Məcburi köçkünlərin əksəriyyəti isə paytaxt Bakıda yaşayır. Onlar əsasən yataqxanalarda, pansionatlarda və uşaq bağçalarında məskunlaşıb.
Ancaq məcburi köçkünlərin məskunlaşdığı binaların bəzisi şəraitsiz vəziyyətdədir. Abşerondakı keçmiş Yüngül Konstruksiyalar Zavodunun binası dağılmaq təhlükəsi ilə üz-üzə qalıb. İndi o, daha çox xarabalığı xatırladır. 1990-cı illərdə Qarabağ münaqişəsi qızışanda Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər rayonlarından çıxan 9 məcburi köçkün ailəsi zavodun binasına sığınıb. Sakinlər qeyd edir ki, hazırda bina qəzalı vəziyyətdədir: “2020-ci ilin sonlarında Yüngül Konstruksiyalar Zavodunda uçqun olanadək çoxları binanın və burada yaşayanların varlığından xəbərsizmiş. Həmin vaxt keçmiş zavodun beton tavanı uçub-dağıldı, nəticədə 2 avtomobil dağıntı altında qalaraq yandı. Bir sözlə, binada yaşayış mümkün deyil. Bugündən sabaha ümidimiz yoxdur. Daş, tavanın üstümüzə uçması qorxusu ilə yaşayırıq”.
“Dövlət Komitəsinin mənzil fondunda boş yaşayış sahələri yoxdur, eyni zamanda məcburi köçkünlər üçün yeni yaşayış sahələri inşa edilmir”
Məsələ ilə bağlı Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirildi ki, iki il öncə baş vermis uçqundan sonra ailələrə Şirvanda istifadəyə verilən yaşayış məhəlləsində yeni mənzillərə köçmək təklif olunsa da, razılaşmayıblar: “Qurumun büdcəsində məcburi köçkünlərə kirayə pulu verilməsi üçün vəsait nəzərdə tutulmayıb. Dövlət Komitəsinin mənzil fondunda boş yaşayış sahələri yoxdur, eyni zamanda məcburi köçkünlər üçün yeni yaşayış sahələri inşa edilmir. Onlar üçün mənzillər bundan sonra yalnız işğaldan azad edilmiş ərazilərdə tikiləcək. Məcburi köçkünlərin öz daimi yaşayış yerlərinə qayıdışı zamanı keçmiş Yüngül Konstruksiyalar Zavodunun ərazisində müvəqqəti məskunlaşmış ailələr də yeni yaşayış sahələri ilə təmin olunacaqlar.
2020-ci ildə prezident İlham Əliyev demişdi ki, bundan sonra köçkünlər üçün evlər işğaldan azad olunan ərazilərdə tikiləcək, o zamana tikintisi başa çatan mənzillər isə şəhid ailələrinə veriləcək”.
Günel CƏLİLOVA