Kəndlərdə telefon xətlərinin olmaması sakinlər üçün bir sıra problemlər yaradır. Cəlilabad rayonunun Ocaqlı kəndində telefon və İnternet problemi yaşanır. Kənd sakinləri qeyd edir ki, kəndə telefon xətti və İnternetin çəkilməsi üçün aidiyyəti qurumlara müraciət etsələr də, onlara heç bir reaksiya verilməyib.
Sakinlər onu da qeyd edir ki, qonşu kəndlərə xətt çəkilsə də, Ocaqlı kəndinə çəkilməyib: "Hər dəfə bir bəhanə deyirlər. Ya deyirlər material yoxdur, ya da deyirlər ki, xətt çəkiləcək. Bu dövrdə İnternetin olması çox vacibdir. Şagirdlərimiz onlayn dərslərdən normal istifadə edə bilmirlər. Telefon xəttimiz olsa, normal İnternetə qoşula bilərik.
Telefon xətlərinin yoxluğu kəndin evlərini İnternet imkanlarından da məhrum etdi. Ancaq mobil operatorların ixtiyarına qalan palıdlılar vəziyyətin bu cür şəkil almasından narazıdırlar. Çünki hamının imkanı yoxdur ki, mobil operatorların göstərdiyi xidmətdən istifadə edə bilsin. Çünki bu servis analoq telefon xətləri vasitəsilə göstərilən xidmətdən çox baha başa gəlir".
“Ərazidə telekommunikasiya infrastrukturu tam inşa edildikdən sonra 3 ay ərzində sakinlərin telefon və İnternet xidmətləri ilə təminatı həyata keçiriləcək”
Məsələ ilə bağlı Aztelekom MMC-dən bildirildi ki, Cəlilabad rayonunun Ocaqlı kəndində 200-dən yuxarı mənzil telefon və İnternet xidmətləri ilə təmin edilib: “Ocaqlı kənd ərazisinin genişləndirilməsini nəzərə alaraq Aztelekom tərəfindən rabitə xidmətlərinə tələbatın ödənilməsi üçün artıq zəruri avadanlıqlar ayrılıb. Sözügedən ərazidə telekommunikasiya infrastrukturu tam inşa edildikdən sonra 3 ay ərzində sakinlərin telefon və İnternet xidmətləri ilə təminatı həyata keçiriləcək".
Günel CƏLİLOVA