Qazi Azər Camal oğlu İsrafilov Masallı rayonunun Ərkivan qəsəbəsində yaşayır. Bu Vətən sevdalı igidimiz ömrünün 20-ci ilini yola salır. Azər 2020-ci ildə ordu sıralarına çağırılır. Cəbhə xətində Vətən torpaqlarını göz-bəbəyi kimi qoruyur. Bu zaman İkinci Qarabağ müharibəsi başlanır. Azər 44 günlük haqq savaşımızda Ağdam, Suqovuşan və Qubadlı rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə əsl qəhrəmanlıq nümunəsini göstərir. Ağdam rayonunun azadlığı uğrunda gedən ağır müharibədə snayper gülləsinə tuş gələrək qolundan və ayağından ağır yara alır.
Qalib əsgərimiz dövlət tərəfindən “Cəsur döyüşçü” və “Ağdamın azad olunmasına görə” medallarına layiq görülüb.
Masallı camaatı öz qəhrəman oğlunu hər zaman, hər yerdə böyük hörmətlə qarşılayır. Tez-tez onun evində olur və hər bir qayğısına qalırlar. Bu günlər “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin kollektivi Azəri evində ziyarət edib. Ziyarət zamanı onun keçdiyi şərəfli döyüş yoldan söhbət açılıb, qayğıları dinlənilib. Elin igid oğlu isə öz növbəsində müharibədə qələbə qazanmağının sevincini, döyüş xatirələrini gənclərlə bölüşüb. Vətən müharibəsi başlandığı gündən etibarən şəxsi heyət arasında qələbəyə inamın yüksək olduğunu bildirib və şəhid ailələrinə, qazilərə dövlət tərəfində olunan dəstəyə görə ölkə başçısına minnətdarlıq edib.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü