Astara Rayon Polis Şöbəsinin təşəbbüsü, Rayon İcra Hakimiyyəti, Təhsil Şöbəsi, Rayon Gənclər və İdman İdarəsi, Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsinin birgə təşkilatçılığı sayəsində “Narkomaniyaya yox deyək” və “Erkən nikahlar və onların fəsadları” mövzularında maarifləndirici seminar keçirilib. Rayondakı Kakalos kənd tam orta məktəbində baş tutan tədbirdə yuxarı sinif şagirdləri və müəllim kollektivi iştirak edib.
Tədbiri açan Astara Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azər Cəfərov deyib: - Əsrin bəlası olan narkomaniyaya qarşı mübarizənin təşkili məqsədilə belə tədbirlərin keçirilməsi mühüm əhəmiyyətə malikdir. Hər kəs gənc nəslin sağlam böyüməsinə, valideynlərinin etimadının doğurmasına, vətənpərvər yetişməsinə çalışmalıdır. Lakin narkomaniyaya meyl edən gənclərə hələ də rast gəlinməsi təəssüf hissi doğruldur. Məhz bu səbəbdən təhsil müəssisələrində, ayrı-ayrı kollektivlərdə izahat işləri müntəzəm aparılmalı, hər bir şagird təhsilə, idmana diqqətli yanaşmalı, Vətənini sevməlidir.
Sonra Astara Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri F.Sadıxova, Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsinin Baş direktoru O. Əmənullayev, Rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsini icra edən R. Şirinov çıxış edib. Onlar tədbirin məqsədinin Azərbaycan Prezidentinin 09 avqust 2005-ci il tarixli fərmanı əsasında təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunun, Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cü il tarixli fərmanı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqramı(2019-2024-ci illər)” nın, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” nın müvafiq maddələrinin yerinə yetirilməsi, sağlam həyat tərzinin təbliği və tərənnüm edilməsi olduğunu bildirərək, narkomaniyanın yaratdığı problemləri sadalamış, gənclərə dəyərli tövsiyələrə əməl etməyi, narkomaniyaya düçar olmuş insanları doğru yola çəkməyə, onlara kömək etməyə çağırıblar.
Tədbir iştirakçıları narkotikin yaratdığı fəsadlar və dağıdıcı təsirləri barədə video-çarxa baxıb, yekunda mövzular ətrafında məktəblilərin, eləcə gənc müəllimlərin suallarına Polis Şöbəsinin rəisi, polis polkovniki A.Cəfərov tutarlı faktlar əsasında cavab verib.
Onu da bildirim ki, Kakalos kənd tam orta məktəbin direktoru Şölə Əhmədova, Rayon Polis Şöbəsinin Şəxsi heyətlə iş üzrə köməkçisi, polis kapitanı Ceyhun Abdulov və Yetkinlik Yaşına Çatmayanların işləri üzrə inspektoru, polis baş leytenantı Elnur Dadaşlı, Rayon Gənclər və İdman İdarəsinin rəis müavini İqrar Cəfərov və baş məsləhətçisi Bəhlul Rufullazadə, digər məsul şəxslər tədbirdə olublar.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü