Azərbaycanda əhalinin sıx məskunlaşdığı ərazilərdə qazlaşdırma mütəmadi şəkildə aparılsa da, hələ də bir sıra kəndlər mavi yanacaqla təmin edilməmiş qalır. Belə kəndlərdən biri də Oğuz rayonunun Baş Daşagüldür. 330 dan çox ailənin yaşadığı kənddə təbii qaz olmadığı üçün insanlar evlərinin qızdırılmasında odundan, yemək bişirmək üçün isə qaz balonlarından istifadə edirlər.
Ərazi ucqar olduğundan insanlar odunu uzaq kəndlərdən 600-800 manata ala bilmir, bu səbəbdən bağlarında olan meyvə ağaclarını kəsib yandırırlar.
Dağlıq ərazidə yerləşən kənddə qış daha sərt keçdiyindən insanlar buraya təbii qazın çəkilməsini istəyirlər.
"Azəriqaz" İB: “Kəndlər mərhələli şəkildə qazlaşdırılır”
Məsələ ilə bağlı "Azəriqaz" İB -dən bildirildi ki, kəndlər mərhələli şəkildə qazlaşdırılır: “Cari ilin sonuna qədər 110 kənd və yaşayış massivinin qazlaşması nəzərdə tutulur. Ilin sonuna kimi həmin ərazilər tam şəkildə qazlaşdırılacaq. Oğuz rayonunun Baş Daşağül kəndinin sakinləri əmin olsun ki, növbəti mərhələlərdə yaşayış yerinin qazlaşma prosesi həyata keçiriləcək”.
Aytəkin Kamranqızı: “Kənd turizmində infrastrukturu qurmaq üçün istiliyin olması vacibdir”
Sosioloq Aytəkin Kamranqızı bildirdi ki, ucqar kəndlərin mavi yanacaqla təmin edilməsi zamanla tam şəkildə həll olunacaq. Ancaq bu prosesin gecikməsi kənd turizminin inkişafına mane olur: “Kənd turizmində infrastrukturu qurmaq üçün istiliyin olması vacibdir. Təsəvvür edin ki, kəndə turist gəlir, amma evlərdə istilik sisteminin olmadığını görür. O turist həmin kənddə qalarmı? Azərbayanın hər bir kəndinin gözəl təbiəti var, amma qaz olmadığı üçün infrastrukturu müasirləşə bilmir. Bu da kəndin iqtisadi inkişafına ciddi ziyan vurur”.
Günel CƏLİLOVA