44 günlük Vətən müharibəsi zamanı azğınlaşmış ermənilər mülki əhalini hədəf aldılar. Onlar əlisilahlı hərbçilərlə deyil, sadə insanlarla, uşaqlarla, yaşlılarla müharibə aparmağa üstünlük verirdilər.
İkinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələri münaqişə zonasından və cəbhə xəttindən uzaqda yerləşən dinc şəhər və rayonları müxtəlif növ silahlarla, artilleriya və ballistik raketlərlə atəşə tutaraq, mülki əhalini və eləcə də infrastruktur obyektlərini hədəf seçərək, fərdi yaşayış evlərinə, sosial və iaşə obyektlərinə irimiqyaslı zərər vurub. Dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin 6 noyabr 2020-ci il tarixli müvafiq Sərəncamı ilə yaradılmış Dövlət Komissiyası tərəfindən təşkil olunmuş fəaliyyət nəticəsində ümumilikdə 11 şəhər və rayon ərazisində 12 000-dən artıq obyektə baxış keçirilib, qiymətləndirmə və təmir-tikintinin ilkin planlaşdırılması işləri aparılır.
Qeyd etdiyimiz kimi, 44 günlük Zəfər müharibəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi ilə bağlı tapşırıq verilsə də, bu işdə ləngimələr müşahidə edilir. Belə ki, Ağdam rayonu Xındırıstan kəndinin sakini Haqverdiyev Ramil Mayıl oğlu 44 günlük müharibə zamanı evinə dəymiş ziyanın aradan qaldırılmamasından narazıdır.
Şikayətçinin sözlərinə görə, qəzalı vəziyyətdə olan evinin bərpası üçün aidiyyəti qurumlara müraciət etsə də, səsinə səs verən yoxdur: “Ermənilərin kəndimizə atdığı top nəticəsində evə ciddi ziyan dəyib. Dövlət komissiyası baxış keçirsə də, heç bir nəticə yoxdur. Komissiyadan dörd dəfə gəliblər, amma yenə də problemimiz həll olunmayıb. Bu cür qəzalı evdə üç uşaqla yaşayıram. Cənab Baş nazir Əli Əsədova məktub yazaraq müraciət etmişəm. Məktubun cavabı Ağdam Rayon İcra Hakimiyyətinə göndərilib ki, bizə 1000 manat vəsait verilsin. Lakin hazırda hər şey nəticəsizdir. Mən öz prezidentimdən xahiş edirəm ki, bizi düşdüyümüz bəladan qurtarsın. Çünki qəzalı evdə yaşamaq çox çətindir”.
“44 günlük Vətən müharibəsi zamanı əhaliyə dəymiş ziyanın ödənilməsi ilə bağlı Prezidentin xüsusi göstərişi olsa da…”
Sosial sahə üzrə ekspert Elxan Əliyev qeyd etdi ki, İkinci Qarabağ müharibəsi zamanı zərər görmüş evlər qısa müddətdə təmir olunmalı idi: “Müharibə 2020-ci ilin noyabr ayında bitsə də, ancaq bəzi vətəndaşların evi hələ də yararsız vəziyyətdədir. Bu cür həssas məsələdə insanları incitmək olmaz. Nəzərə almaq lazımdır ki, o şəxslərin evi öz günahlarından deyil, ermənilərin atdığı raket nəticəsində yararsız hala düşüb. 44 günlük Vətən müharibəsi zamanı əhaliyə dəymiş ziyanın ödənilməsi ilə bağlı Prezidentin xüsusi göstərişi var, kimliyindən asılı olmayaraq, hər kəs o göstərişə əməl etməlidir. Buna əməl etməyənlər qanunvericiliyin tələbinə uyğun olaraq cəzalandırılmalıdır”.
Günel CƏLİLOVA