Xatirə Kitabı Redaksiyası “Bakı-Xəbər” qəzeti ilə birgə layihə əsasında “Şəhidlər ölməz Vətən bölünməz” seriyasından yeni çap olunmuş Elvin Arifoğlunun “El harayına Can deyən şəhid ELCAN” kitabı işıq üzü görüb. Kitab Vətən müharibəsində şəhid olmuş Elcan Muradovun şərəfli həyat yoluna həsr olunub.
Müasir Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli lider Heydər Əliyevin qayğısı və təşəbbüsü ilə yaradılmış, onun xeyir-duası ilə fəaliyyətə başlamış Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyası tarixlə cəmiyyət arasındakı həqiqətləri, müharibə ağrılarını özündə geniş əks etdirən ensiklopedik tarixi salnamədir. 2017-ci ildən Xatirə Kitabı Redaksiyası “Bakı-Xəbər”qəzeti ilə birgə layihə əsasında “Şəhidlər ölməz Vətən bölünməz” seriyasından bədii-publisistik kitabların nəşrinə başlamışdır. Bu seriyadan artıq 10-a yaxın kitab çap olunub. Növbəti seriyadan Elvin Arifoğlunun “El harayına Can deyən şəhid ELCAN” kitabı işıq üzü görüb. Kitab Vətən müharibəsində şəhid olmuş Elcan Muradovun şərəfli həyat yoluna həsr olunub. On doqquz il ömür sürən Elcanın enişli-yoxuşlu həyat yolundakı gəncliyə örnək davranışları, mənəvi keyfiyyətləri, bir sözlə, hər bir Vətən övladına nümunə olacaq həyat tərzi real hadisələr əsasında bədii formada təqdim olunur.
Layihənin rəhbəri Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova, rəyçi “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, Redaktoru Kəmalə Mirəyevadır.
1 Saylı Cəzaçəkmə Müəssisəsində Elvin Arifoğlunun “ El harayına can deyən şəhid Elcan” kitabının təqdimatı şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutu ilə başladı. Təqdimatı 1 Saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Emin Həsənov açıb.
Tədbiri Mətbuat Şurasının sədri Əflatun Amaşov aparıb. Tədirdə Millət vəkili Aydın Mirzəzadə, Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov, “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydin Quliyev, Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova, məhbus və eyni zamanda kitabın müəllifi Elvin Arifoğlu çıxış edib.
Baki-xeber.com