Azadlıq prospektində köhnə evlərin söküntüsü və yeni binaların tikintisi davam edir. Burada 74, 76 və 78 saylı evlər də sökülmək üzrədir. Ancaq onlara bitişik olan obyekt və evləri hələ də tərk etməyənlər var.
Obyekt sahibləri qeyd edir ki, uyğun təklif verilmədiyindən mülklərindən çıxmırlar.
Həmin ərazidə yaşayan sakinlər qeyd edir ki, tikinti işləri isə təkcə evlərindən çıxmaq istəməyən sakinlərə yox, həm də piyadalara, sürücülərə təhlükə yaradır. Təhlükəli vəziyyət Mirəli Qaşqay, Vladislav Plotnikov, Ruhulla Axundov küçələrində daha çox müşahidə olunur.
Sakinlər onu da bildirir ki, uzun müddətdir təhlükəli vəziyyətdə yaşayırlar. Sakinlər ərazidə aparılan söküntü işlərinin evlərinə ziyan vurmasından da narazılıq edir.
“İcraçı şirkət öz vəzifələrini yerinə yetirmir və yaxud da bundan yayınırsa, inzibati yolla dövlət sanksiyalar, cəzalandırma mexanizmləri təmin edilə bilər”
Daşınmaz Əmlak üzrə ekspert Ramil Osmanlı bildirdi ki, həmin ərazidə illərdir eyni problem yaşanır: “Təhlükəsizlik tədbirləri qənaətbəxş deyil. Tikinti aparılan sahədə yaşayanlar ilk növbədə oradan köçürülməlidir. Ola bilər ki, ev sahibi köçməyə razı olmasın, bu halda qarşı tərəf yenə də təhlükəsizliyin təmin olunmasını tam şəkildə həyata keçirməlidir. Məsələn, əsaslı tikinti işləri gedirsə, yolda hərəkət məhdudlaşdırılmalıdır. Yox, əgər cari iş görülürsə, o halda həmin ərazi xüsusi vasitələrlə, örtüklərlə izolyasiya olunmalıdır. Bu mümkün olmadıqda sakinlər, müvəqqəti də olsa, başqa yerə yerləşdirilməlidir”.
Ekspert onu da əlavə etdi ki, icraçı şirkət öz vəzifələrini yerinə yetirmir və yaxud da bundan yayınırsa, onda məcburi qaydada, inzibati yolla dövlət sanksiyalar, cəzalandırma mexanizmləri təmin edə bilər. Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Xidməti var ki, bu birbaşa onların səlahiyyət dairəsinə aiddir.
Güne CƏLİLOVA