İnsanların rahatlığı, şəhər və rayonların müasir görnüşü üçün bölgələrdə sürətli işlər aparılır. İllər öncə tikilən, bu günlərdə ömrünü başa vuran köhnə, yaşayış üçün təhlükəli binalar yeniləri ilə əvəzlənir.
Yeni bina, mənzil təhvil verilənə qədər mənzil sahiblərinə kirayə pulu dövlət tərəfindən ödənilir. Lakin Goranboyda qəzalı binaların sakinləri 3 aydır kirayə pullarını ala bilmirlər. 50 ildən artıqdır inşa edilən binalar bir neçə müddət idi qəzalı vəziyyətə düşüb. Sakinlərin aidiyyəti qurumlara etdikləri müraciətdən sonra onlar ötən ilin yay aylarından kirayə mənzillərə köçürülüb. Məmməd Məhərrəmov küçəsi bina 14-ün sakinləri qeyd edir ki, sonuncu dəfə onlara dövlət tərəfindən ödənilməli olan kirayə pulunu yanvar ayında alıblar: “Günbəgün binada çatlar artırdı, yağışda, küləkdə həyəcan keçirirdik ki, bu dəqiqə uçacaq. Aidiyyəti qurumlara binamızın vəziyyəti barədə müraciət etdik. Ötən ilin iyul ayının 3-də gəldilər binamızın qazını, işığını kəsdilər, bizi çıxardılar. Məmməd Məhərrəmov 14 ünvanında yerləşən binada 12 ailə yaşayırdı. Elə o vaxtdan kirayələrdəyik. Neçə aylardır gəlirik baxırıq, nə bina tikilir, nə bir irəlləyiş var, heç nə yoxdur. Kirayə pulu da verilmir, ev də tikilimir. Qalmışıq çöllərdə, kirayələrdə. Sonuncu dəfə yanvar ayının pulunu veriblər. Fevral, mart qalıb hələ. Müraciət edirik İcra Hakimiyyətinə deyirlər Bakıya yazmışıq. Nə Bakıdakılar xəbər verir bizə, nə də burdakılar. Çaş-baş qalmışıq, bilmirik kimin üstünə gedək. Dərdimizi kimə deyək?".
“Bu həftə ərzində vətəndaşlara kirayə haqqı ödəniləcək, sakinlərə bu barədə məlumat verilib”
Məsələ ilə bağlı Goranboy rayon İcra Hakimiyyətindən bildirildi ki, gecikməyə səbəb büdcənin mart ayının axırına qədər təsdiqlənməsidir: “Problem yaxın günlərdə həll olunacaq. Sakinlərin kirayə haqqı 2 aydır qalıb. Bununla bağlı Nazirlər Kabineti ilə əlaqə saxlamışıq. Bizə məlumat verilib ki, ünvanladığımız məktubun üstü yazılıb. Bu həftə ərzində vətəndaşlara kirayə haqqı ödəniləcək. Bu barədə sakinlərə də müraciət olunub. İcra hakimiyyətində qəbulda olublar, onlara başa salınıb ki, narahat olmayın, kirayə pullarınız veriləcək. Yaxın vaxtlarda da, yəni aprel may aylarında binaların tikintisinə başlanılacaq".
Günel CƏLİLOVA