Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti vəzifəsindən istefa verdikdən və qurumun binasını tərk etdikdən sonra akademiya ətrafında sakitlik hökm sürürdü. Hətta bir müddət AMEA barədə yazılar da mediada seyrəlməyə başladı. Lakin martın 16-da yerli mediada yayılan xəbər yenidən ictimaiyyətin diqqətini akademiyaya yönəltdi.
AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyevin həmin gün akademiyaya gəldiyi və prezidentin otağında iclas keçirdiyinə dair məlumatlar yayıldı. “Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyev bu gün saat 12-də AMEA-ya gəlib. O, hazırda akademiyanın prezidenti vəzifəsini icra edən Arif Həşimovla və akademiyanın digər bir neçə əməkdaşı ilə AMEA prezidentinin kabinetindədir”. Mətbuatda yayılan məlumatda belə deyilirdi.
Ötən ay AMEA prezidenti vəzifəsindən istefa verən Mehdiyevin birdən-birə akademiyanın Rəyasət Heyətinin binasında peyda olması xeyli şübhələrə və müəmmalara yol açır.
Ramiz Mehdiyev AMEA-ya niyə gəlmişdi? Akademiyanın sabiq prezidentinin qurumda iclas keçirməsi doğrudurmu?
“Ramiz Mehdiyev akademiyaya əşyalarını toplamaq üçün gəlmişdi”
Mehdiyevin AMEA-ya gəlməsinin səbəbini AMEA-nın mətbuat xidmətinin rəhbəri Azadə Balayevadan soruşduq. A.Balayeva “Bakı-Xəbər”ə açıqlamasında R.Mehdiyevin AMEA-ya gəldiyini təsdiqlədi və bildirdi ki, qurumun sabiq prezidenti martın 16-da orada olub. Mehdiyevin AMEA-ya iclas keçirmək üçün gəldiyi iddialarının doğru olmadığını deyən A.Balayevanın sözlərinə görə, R.Mehdiyev AMEA-nın həqiqi üzvüdür və başqa akademiklər kimi onun da bu quruma gəlməyə haqqı var: “Ramiz Mehdiyev akademiyaya gəlmişdi. Ramiz Mehdiyev akademiyanın həqiqi üzvüdür və akademiyanın digər həqiqi üzvləri kimi o da AMEA-ya gələ bilər. AMEA-nın həqiqi üzvləri həmişə akademiyaya gəlir, Ramiz Mehdiyev də akademikdir, təbii o da gələ bilər. Burada təəccüblü heç nə yoxdur. Ramiz Mehdiyev AMEA-ya iclasda iştirak etmək üçün gəlməmişdi. Yəni Ramiz Mehdiyev bu gün AMEA-nın iclasında iştirak etməyib. Mənə verilən məlumata görə, Ramiz Mehdiyev akademiyaya əşyalarını toplamaq üçün gəlmişdi”- deyə A.Balayeva vurğuladı.
Qeyd edək ki, bu ilin aprel ayında AMEA-nın növbədənkənar toplantısının olacağına və quruma yeni prezident seçiləcəyinə dair məlumatlar var.
İradə SARIYEVA