Məlum olduğu kimi, Bakının bəzi ərazilərində söküntü işləri aparılır. Söküntü aparılarkən plana düşən evlərin sahiblərinə kompensasiya ödənilir. Evin sənədinin olub-olmamasına fərq qoyulmur. Bir ara dəmir yoluna yaxın ərazidə yerləşən evlərin sökülməsinə xüsusi önəm verildi.
Belə ərazilərdən biri də Nizami rayonu Pəhləvan Fərzəliyev küçəsindəki yaşayış massividir. Dəmir yolu xətti yaşayış evlərinin yanından keçdiyi üçün sakinlər burada çarəsiz vəziyyətdə yaşadılar. Hətta qatar gəlib vurar deyə, uşaqları oynamağa belə buraxmağa qorxurdular. Nəhayət, 2017-ci ildə dəmir yolunun yaxınlığında tikilmiş evlərin sökülməsinə start verildi. 2017-ci ildən söküntü işlərinin aparılacağı deyilən ərazidə 455 ev sökülüb. Ev sahiblərinə mənzilin kvadratına görə kompensasiya ödənilib. Ancaq problem ondadır ki, o vaxt bu məqsədlə ayrılan vəsait mənimsənildiyi üçün söküntü yarımçıq qaldı. İndi isə onun əziyyətini evləri plana düşməyənlər çəkir. Telefon xətləri kəsilib, su xətləri bərbad gündə və s. Sakinlər deyir, 5 ildir digər evlərin söküləcəyi ilə bağlı vəd verilsə də, nəticə yoxdur.
Müqabil Kərimov: “Evi plana düşməyənlər də telefon xidmətindən məhrum olub”
Pəhləvan Fərzəliyev küçəsində yaşayan Nizami rayon sakini Müqabil Kərimov deyir ki, söküntü prosesi yarımçıq qaldığı üçün indi onlar da pis duruma düşüblər: “Bizim ev dəmir yoluna yaxın olduğuna görə əslində plana düşməli idi, ancaq bu baş vermədi. Bizim tərəfdə 5 ev sökülmədi. Səbəbi barədə hansısa izahat verilmədi. Nəticədə söküntü işi yarımçıq qaldı. Sökülən evlər xarabazarlığa bənzəyir. Elə vəziyyət yaranıb ki, gecələr küçə itlərinin əlindən çölə çıxmağa ehtiyat edirik. Söküntü zamanı burada olan telefon xətləri ləğv edildi. Nəticədə evi plana düşməyənlər də telefon xidmətindən məhrum olub. Yayda ilanlar çox olur. İndi qışdı deyə ilan yoxdur. Söküntüdən sonra ərazidə külək olan kimi toz-torpaq əlindən tərpənmək olmur. Xüsusən də küləkli havalarda vəziyyət dözülməz olur. Əlbəttə ki, çox çətindir belə şəraitdə yaşamaq. Sökürdülərsə, bütün evləri söksəydilər yaxşı olardı. İndi biz ortalıqda qalmışıq və bilmirik nə edək. İşin yarıçıq olmasının əziyyətini burda qalan sakinlər çəkir. Kim ki köçdü, canı əziyyətdən qurtardı”.
Firdovsi Şahbazov: “Evlərin sənədi olmadığına görə söküntü zamanı otaqların kvadratını necə gəldi hesabladılar”
İqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazov Pəhləvan Fərzəliyev küçəsində söküntünün yarımçıq olmasını yeyinti amili ilə əlaqələndirdi: “Həmin ünvanda qohumlarımız yaşadığı üçün problem mənə tanışdır. Problem ondadır ki, orda tikilən evlərin əksəriyyətinin sənədi yox idi. Evlərin bir qismi bir növ “gecəqondu” formasında idi. Evlərin sənədi olmadığına görə söküntü zamanı otaqların kvadratını necə gəldi hesabladılar. Çox vaxt yazılan kvadratla, evin həqiqi kvadratı uyğun gəlmirdi. Sonra məlum oldu ki, vəsait bitib. Söküntü üçün nəzərdə tutulan vəsait mənimsənildiyindən evlərin sökülməsi yarımçıq qaldı. Problem məhz bununla bağlıdır. Yoxsa vəsait düzgün xərclənsəydi, belə acınacaqlı vəziyyət yaranmazdı”.
Vidadi ORDAHALLI