Avtomobil yollarında yaranan tıxaclar nəqliyyat sektorunun ən ciddi problemlərindən biridir. Son illər yolların genişləndirilməsi, alternativ yolların salınması, yeraltı və yerüstü keçidlərin, eləcə də körpü və yolötürücülərinin inşa edilməsinə baxmayaraq, hələ də paytaxt yollarında tez-tez tıxaclara rast gəlinir.
Tıxac və ona səbəb olan amillərə gəldikdə isə, onlar müxtəlifdir. Səbəblərdən biri əhalinin sayının artması və sıx məskunlaşma prosesinin sürətlənməsidir. Sıx məskunlaşma yolların ötürücülük qabiliyyətini azaldır. Nəticədə yollarda hərəkət sürəti aşağı düşür, tıxaclar yaranır.
Tıxacın qarşısını almaq üçün paytaxt yollarında vəziyyəti, tıxacın olub-olmadığını göstərməli olan məlumat lövhələr mövcuddur. Lakin son zamanlar həmin lövhələr işlək vəziyyətdə deyil. Bu da yollarda tıxacın daha da uzanmasına səbəb olur.
Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyinin tabeliyində olan “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” MMC Daxili İşlər Nazirliyinin tabeliyinə verilib.
Bu barədə Prezident İlham Əliyevin 7 fevralda imzaladığı “Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərmanında deyilir.
Fərmanda qeyd edilib ki, Agentliyin balansında olan və “Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi”nin funksiyalarının təmin edilməsi üçün zəruri olan dövlət əmlakının və maddi-texniki bazanın Daxili İşlər Nazirliyinin balansına verilməsi bir ay müddətində təmin edilməlidir.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli mediaya açıqlamasında qeyd edib ki, Nəqliyyatı İntelektual İdaretəmə Mərkəzinə bağlı olan infrastrukturun təhvil-təslim prosesi başa çatmadığı üçün sistemə tam texniki müdaxilə etmək səlahiyyəti formalaşmayıb: “'Poblemin aradan qaldırılması üçün zəruri addımların təhvil-təslim prosesindən sonra atılması mümkün olacaq”.
“Məlumatverici lövhələr quraşdırılmasında məqsəd günün istənilən vaxtında yollarda sıxlığın qarşısını almaq idi”
Sosial sahə üzrə ekspert Elxan Əliyev qeyd etdi ki, son günlər paytaxt yollarında vəziyyəti, tıxacın olub-olmadığını göstərməli olan məlumat lövhələrinin əksəriyyəti işləmir: “Məlumatverici lövhələr quraşdırılmasında məqsəd günün istənilən vaxtında yollarda sıxlığın qarşısını almaq idi. Məlumdur ki, Bakı Nəqliyyat Agentliyinin balansında olan “Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi”nin funksiyalarının təmin edilməsi üçün lazım olan bütün işlər Daxili İşlər Nazirliyinin balansına verilib. Təhvil təslim işi tam bitdikdən sonra bu sahədə yaşanan problem həll olunar”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, əvvəllərdə məlumat lövhələrinin işlək olmadığı tez-tez müşahidə olunurdu. Bunun da səbəbi vaxtilə quraşdırılan elektron lövhələr keyfiyyətsiz olduğu üçün istifadə müddətini tez tamamlaması ilə bağlıdır.
Günel CƏLİLOVA