İmişli Rayon İcra Hakimiyyətində çalışan bir sıra vəzifəli şəxslər etiraf edib ki, keçmiş icra başçısı Vilyam Hacıyevin dövründə əhalidən rüşvət toplanması, başqa korrupsiya əməllərində iştirak ediblər. Onlar sabiq icra başçısının işi üzrə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) və məhkəmədə dindirilərkən bu barədə ətraflı danışıblar. İfadələrində kimdən, harada və nə qədər pul alınması haqda fikirlər yer alıb.
Burada diqqəti çəkən məqam odur ki, rüşvət əməliyyatlarında birbaşa iştiraklarını açıq şəkildə dilə gətirmələrinə baxmayaraq, bu gün də həmin şəxslər əvvəlki vəzifələrində çalışırlar. Bu təkcə İmişli üçün xas olan məsələ deyil. Digər həbs edilən icra başçıları ilə də bağlı vəziyyət oxşardır. Belə çıxır ki, eyni rüşvət epizodu üzrə keçmiş icra başçısı məsuliyyət daşıyır, amma o rüşvətin alınmasında iştirak etmiş digər vəzifəli şəxslər yox? O baxımdan, cinayətdə iştirakı olan adamların bu gün də həmin vəzifədə qalması anormallıqdır. Ümumilikdə, rüşvət toplanmasında iştirakını etiraf edən şəxslərin dövlət qulluğunda saxlanması nə dərəcədə doğrudur?
“Rüşvət alınması prosesində iştirak etmək bir tərəfdən cinayət məsuliyyətinə, o biri tərəfdən intizam məsuliyyətinə səbəb olur”
Məsələyə münasibət bildirən Aydınlar Partiyasının sədri, hüquqşünas Qulamhüseyn Əlibəylinin fikrincə, belələrinin dövlət qulluğunda fəaliyyətlərini davam etdirmələri doğru deyil: “Ümumiyyətlə, korrupsiya prosesində iştirak edən bütün şəxslər, o cümlədən vasitəçi olan tərəflər hüquqi məsuliyyət daşıyır. Bu səbəbdən onlar cinayət məsuliyyətinə cəlb olunub cəzalandırılmalıdır. Düzdür, Azərbaycan qanunvericiliyində səmimi etiraf yüngülləşdirici hal kimi qəbul edilir və bu səbəbdən gələcəkdə cəza təyin olunarkən nəzərə alına bilər. Bu, cinayət məsuliyyəti ilə bağlı olan məsələdir. Yox, əgər hər hansı bir səbəbə görə istintaq orqanı hesab edirsə ki onların əməlində cinayət məsuliyyəti yoxdur, amma bütün hallarda rüşvətalma prosesində iştirak etdiyi üçün onlar inzibati və intizam məsuliyyətinə cəlb olunmalıdılar. Düzdür, inzibati qanunvericilikdə elə bir məsuliyyət həddi nəzərdə tutulmayıb. Ancaq intizam məsuliyyətinə cəlb olunmalıdılar və bu, həmin şəxslərin dövlət qulluğundan xaric olunması üçün əsasdır. Yəni “Dövlət qulluğu” haqqında qanuna görə, dövlət qulluqçusu korrupsiyaya qarşı mübarizə üzrə müəyyən məsələləri yerinə yetirmirsə və yaxud da korrupsiya üzrə hüquqpozmalara yol veribsə, bu, cinayət və inzibati məsuliyyətə səbəb olursa, həmin şəxs dövlət qulluğundan xaric olunmalıdır. Yəni rüşvət alınması prosesində iştirak etmək bir tərəfdən cinayət məsuliyyətinə, o biri tərəfdən intizam məsuliyyətinə səbəb olur. Bu səbəbdən həmin şəxslər dövlət qulluğunda qala bilməzlər. Qalıblarsa, bu o deməkdir ki, qanunvericiliyin tələbləri müvafiq yerlərdə həyata keçirilmir”.
Bir sözlə, partiya sədri hesab edir ki, onlar dövlət qulluğunda fəaliyyət göstərə bilməzlər.
Vidadi ORDAHALLI