Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, ümumi (9-cu sinif) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları bölgələr üzrə, əvvəlcədən elan olunduğu kimi, 2022-ci il 16, 17, 23, 24, 30 aprel və 1 may tarixlərində keçiriləcək.
Qeyd edək ki, tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları isə 5 və 6 mart tarixlərində keçirilib.
Dərs ilinin başa çatmasına hələ xeyli vaxt qalsa da, buraxılış imtahanlarının keçirilməsi həm valideynlərin, həm də müəllimlərin narazılığına səbəb olur. Bildirilir ki, dərs proqramı bitməmiş imtahanların keçirilməsi onların imtahan nəticəsinə və dərsə davamiyyətinə təsir edir. Müəllimlər qeyd edir ki, buraxılış imtahanından sonra şagirdlər dərsə gəlmək istəmir.
Maraqlıdır, dərs ilinin başa çatmasına xeyli vaxt qalmış buraxılış imtahanlarının həyata keçirilməsi təhsilə necə təsir göstərir?
“Yekun attestasiya bütün materialları əhatə etməlidir, imtahanın mart–aprel aylarında, dərs ilinin bitməsinə 12 həftə qalmış keçirilməsi düzgün deyil”
Təhsil eksperti Nizami Hüseynov qeyd etdi ki, məlum mövzu ilə bağlı valideynlər və uşaqlar narazılıqlarında haqlıdırlar: “Əvvəllər 11-ci siniflər üçün imtahanlar aprel-may aylarında, 9-cu siniflər üçün isə bir az sonra keçirilir. DİM pandemiyanı nəzərə alaraq proqramı bir az tezləşdirib. Ancaq burada imtahanın nəticəsinə təsir göstərən amillər var. DİM 11-ci sinif şagirdləri üçün mart ayında imtahan keçirəcək, ancaq mart ayında heç tədris proqramının yarısı mənimsənilmir. 2021-ci ildə Azərbaycanda dərslər sentyabrın 15-də yox, sentyabrın 29-da başladı. Bu il 11-ci sinfi bitirən şagirdlər iki ildir məktəbə getmirlər. Pandemiya səbəbindən yoluxma halları baş verən məktəblərdə dərslər 14 gün, bəzən isə daha uzun müddətə təxirə salınırdı. Yəni bizim şagirdlərimiz tam olaraq tədris prosesində iştirak etməyiblər. Bundan əlavə, Azərbaycanda tədris prosesi 2022-ci ilin iyun ayının 14-də bitəcək. Tədrisin başa çatmasına 3-4 ay qalmış imtahan keçirilir”.
Ekspertin sözlərinə görə, yekun attestasiya bütün materialları əhatə etməlidir. İmtahanın mart –aprel aylarında, dərs ilinin bitməsinə 12 həftə qalmış keçirilməsi düzgün deyil. İmtahanlar ən tez iyunun birinci həftəsində keçirilə bilər.
Həmsöhbətimiz onu da əlavə etdi ki, buraxılış imtahanında iştirak edən şagird imtahandan sonra məktəbə getmək istəmir: “Bu hal şagirdin dərsə davamiyyətinə təsir edir. Tədris ilinin başa çatmağına uzun müddət qalmış buraxılış imtahanı keçirmək şagirdlərin dərs prosesində davamiyyətinə öz mənfi təsirini birmənalı olaraq göstərəcək”.
Günel CƏLİLOVA