İcbari tibbi sığorta zərfinin genişləndirilməsinə ehtiyac var. Trend-in məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, Milli Məclisdə icbari tibbi sığortanın tətbiqi ilə bağlı bu il ərzində bir neçə dəfə dinləmlərin keçirilməsi planlaşdırılır.
Komitə sədri bildirib ki, icbari tibbi sığortanın həyata keçirilməsi ilə Azərbaycanda ailə həkimi institutu formalaşmağa başlayıb: “Bununla bağlı məmnunluq da yaranmağa başlayıb. Bütün bu uğurlara baxmayaraq, icbari tibbi sığorta ilə bağlı bir çox narahatlıq da var. Yüksək texnologiyalı əməliyyatların keçirilməsi üçün klinikalarda növbələr yaranır. Hesab edirəm ki, icbari tibbi sığorta zərfinin genişləndirilməsinə ehtiyac var”.