Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Tədqiqatçılar arasında beynəlxalq elmi platformalarla bağlı seminarların təşkili” layihəsi çərçivəsində Gəncə Dövlət, Azərbaycan Texnologiya və Azərbaycan Dövlət Aqrar universitetlərində gənc tədqiqatçılar, doktorantlar, magistrlər, universitet müəllimləri üçün seminarlar təşkil edib.
Bu barədə Baki-xeber.com-a Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətindən məlumat verilib. Seminarlarda cəmiyyətin sədri, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü fəlsəfə doktoru İlqar Orucov layihə barədə iştirakçılara ətraflı məlumat verib.
Tədqiqatçılara beynəlxalq elmi platformalar haqqında təqdimatlar edilib, onlar bu sistemlərə üzv olmaq və onlardan istifadə yolları, açıq elm platformasına, data bazalara çıxış imkanları barədə məlumatlandırılıb. Tədqiqatçılar “Research gate”, “Mendeley”, “Figshare”, “F1000Research”, “DOAJ”, “ORCID”, “DOİ”, beynəlxalq indekslər, data bazalar, “Web of Science”, “Scopus”, “Erih Plus”, “Copernicus”, “Springer Zentralblatt MATH”, “Math SciNet-Mathematical Reviews”, “Chemical Abstracts Service”, “Analytical Abstracts”, “Ulakbim”, “Pubchem”, “INSPEC-Direct”, “Astrophysics Data System”, “Compendex”, “GeoRef”, “AGRIS”, “Pub Med”, “EconLit”, “Philosopher’s Index”, “PsycINFO” platformaları haqqında geniş bilik və məlumatlar əldə ediblər.
Seminar iştirakçıları açıq giriş jurnallarına çıxış imkanları, eyni zamanda, elmi məqalələrin hazırlanması üçün beynəlxalq standartlar haqqında məlumatlandırılıb.
Qeyd edilib ki, bütün nəşrlərin, data bazaların açıq girişin təmin edilməsi prinsipi ilə fəaliyyət göstərməsi elmi nəticələrin əlçatan olmasına, daha geniş elmi sferada reallaşdırılmasına və bütün elmi məlumatların hamı üçün asan əldə olunmasına gətirib çıxaracaq.
Layihənin eksperti iştirakçıların suallarını cavablandırıb, seminar müzakirələrlə davam edib. Seminarlar Azərbaycan Dövlət Aqrar, Azərbaycan Texnologiya və Gəncə Dövlət universitetlərində ümumilikdə 180 iştirakçı arasında keçirilib. Eyni zamanda, internet və sosial media üzərindən gənc alim və elmi tədqiqatçılar arasında təbliğat işi aparılıb. Yekunda seminar iştirakçılarına sertifikat təqdim olunub.