Bakıda fəaliyyət göstərən kafelərdən birində siçovulun gəzməsini əks etdirən videogörüntülər yayılıb. Görüntüləri jurnalist Anar Niftəliyev lentə alıb. O qeyd edib ki, videonu metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında yerləşən “Kardeşler” şirniyyat mağazasında çəkib.
Görüntülərdə gəmiricinin şirniyyatlarla dolu olan piştaxtanın üzərindəki tavanda hərəkət etdiyi aydın şəkildə görünür.
“Kardeşler” şirniyyat mağazası: “Gəmiricilər qonşuluqdakı obyektdən gəlir, yanımızda “Sünbül” adlı köhnə şirniyyat yeri var, indi oranı…”
Məsələ ilə bağlı “Kardeşler” şirniyyat mağazası ilə əlaqə saxladıq. Mağazadan “Bakı-Xəbər”ə bildirildi ki, gəmiricilər onların məkanına qonşuluqdakı obyektdən gəlir: “Yanımızda “Sünbül” adlı köhnə şirniyyat yeri var. Təxminən 6 ildir ki, ora işləmir, bağlanıb. İndi oranı siçanlar basıb. Elə ki axşam olur, həmin siçanlar küçədə də gəzir. Elə bizim kafeyə də oradan gəliblər. Bizim dükanda təmizliyə riayət edilir. Ay ərzində 4-5 dəfə dükan xüsusi dərmanlarla dezinfeksiya edilir. Qonşu dükandan gəmiricinin daxil olmaması üçün biz artıq öz tədbirimizi görmüşük”.
AQTA: “Hadisə ilə bağlı araşdırmalara başlanılıb və bununla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcək”
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirildi ki, həmin video ilə əlaqədar AQTA tərəfindən araşdırmalara başlanılıb və bununla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcək. Nəticələr barədə ictimaiyyətə məlumat veriləcək. Agentlik vətəndaşlardan xahiş edir ki, belə hallarla qarşılaşdıqda videonun çəkildiyi tarix, məkan və müəssisənin adını qeyd etməklə Agentliyin 1003 qaynar xəttinə zəng edib məlumat versinlər.
Günel CƏLİLOVA