“Ağ ölümün qara fəsadları” adlı bu tədbir Yardımlı rayon Heydər Əliyev Mərkəzidə keçirilib. Mərkəzin və Yardımlı Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı sayəsində baş tutan tədbir narkomaniyaya qarşı mübarizə məqsədini daşıyırdı. Tədbirdə Mərkəzin kollektivi, Polis Şöbəsinin əməkdaşları, Yardımlı şəhər 2 saylı tam orta məktəbinin müəllim və şagirdləri, Yardımlı Rayon Təhsil Şöbəsinin əməkdaşı Vaqif Əzizov, Rayon Mərkəzi Xəstəxanasının həkimi Etibar Babayev, Yardımlı Psixoloqlar Birliyinin sədri Qadir İbişov iştirak ediblər.
Tədbiri giriş sözü ilə Mərkəzin əməkdaşı Aqil Ağayev açıbdır. Natiq cəmiyyətdə "ağ ölüm" kimi qəbul edilən, bəşər övladının bəlasına çevrilmiş, ən çox gənclərin ömrünə qənim kəsilən narkomaniyanın yaratdığı fəsadlardan və bu bəlaya qarşı aparılan mübarizə yolundan ətraflı danışıb.
Rayon Polis Şöbəsinin rəisi, polkovnik Arif Babayevin mövzu haqqında geniş məruzəsi də tədbir iştirakçıları tərəfindən diqqətlə dinlənib. Daha sonra çıxış edənlər - psixoloq Qadir İbişov, həkim Etibar Babayev, Təhsil Şöbəsinin əməkdaşı Vaqif Əzizov isə mövzuya dair fikirlərini bildiriblər.
Tədbir narkomaniyanın yaratdığı fəsadlardan bəhs edən sənədli filmin nümayiş ilə yekunlaşıb.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Brliyinin üzvü.