Lerik rayonunun ucqar dağ kəndi olan Vənədi camaatını indi ən çox narahat edən “mavi” qazın və ictimai nəqliyyatın yoxluğudur. Sovet vaxtı onlar da marşrut avtobusun xidmətindən istifadə edib, indinin özündə o günlərin həsrətini çəkirlər. Çünki əvvəllər bir manata getdikləri yol hazırda vənədlilərə on beş manata başa gəlir...
Onu da deyim ki, bu yaşayış məntəqəsi çoxda böyük deyil. Meşənin içində yerləşir, bir qədər uzaq olsa da, hər dörd tərəfi kənddir. Torpağa bağlılıq, zəhmətlə ucalmaq, insanlığı saf sevgi burada dədə-babadan qalmadır. Kənddə sovetdən qalma, uzaqdan belə diqqəti çəkən, halal zəhmətlə ucaldılan yaraşıqlı evlər çoxdur. Həmişə həyatı qaynar olan vənədililərdə də son illər bir susqunluq yaranıbdır. Bu da unudulan sosial məsələlərlə bağlıdır. Başlıcası isə uzun illər həlli gözlənilən yuxarıda göstərdiyin problemlərdir. Yeniyetmələr ata yurdunu tərk edir, artıq bərəkətli torpaqları, saf havası ilə seçilən Vənədi kəndinin də qapısında qıfıl asılmış evlər görünür.
Vənədlililər deyirlər ki, bir vəziyyətə düşməyə inanmağımız gəlməzdi. Halal zəhmətlə güzəranımız keçirdi. Son illərin hadisələrı, hətta bəzi yenilikləri, yerli məmurların ögey münasibəti bizi çətinliklər qarşısında qoyubdur. Millətin rahatlığını düşünüb ölkədə həyata keçirilən tibbi sığortanın, eləcə bankomatların tətbiqindən sonra olduqca əziyyət çəkirik. İnsan həyatına vacib olan bu xidmətlərdən istifadə etmək üçün kəndimizdə şərait yoxdur. Yaxında olan kəndlər də bizim kimidir. 30 ildir ərazimizə işləyən avtobus əlimizdən alınıbdır. Yandırmağa yanacaq odun tapmaq indi müşkül məsələdir. Odun tədarük etdiyimiz meşə tükənib, kəndin “mavi” qaz problemin yola qoyulması isə ilbəil uzadılır.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü.