Goranboyda sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər aparılır. Qəzalı vəziyyətdə olan evlər sökülüb, yerində yeniləri tikiləcək. Yeni bina, mənzil təhvil verilənə qədər mənzil sahiblərinə kirayə pulu dövlət tərəfindən ödənilir.
Ancaq son zamanlar bina sakinləri onlara verilməsi nəzərdə tutulan kirayə pulunun ödənmədiyini deyir. Goranboy rayon Məmməd Məhərrəmov, Cəfər Cabbarlı küçələrində sökülən iki mərtəbəli binanın sakinləri qeyd edir ki, 50 ildən artıqdır inşa edilən binalar bir neçə müddət idi qəzalı vəziyyətə düşmüşdü. Ötən ilin yay aylarından kirayə mənzillərə çıxan sakinlərə müqaviləyə əsasən 250 manat kirayə pulu ödənilib. Bu ilin yanvar ayından isə ödəniş dayandırılıb.
Rayonun Cəfər Cabbarlı küçəsindəki, həmçinin Məmməd Məhərrəmov 14 ünvanındakı 2 mərtəbəli binalar tamamilə sökülsə də, Məmməd Məhərrəmov 22-də söküntü işləri yarımçıq qalıb. Sakinlər bildirir ki, nə yeni mənzillərin tikintisinə başlanılır, nə də onlara ödənilməli olan kirayə haqqı verilir.
Goranboy RİH: “Büdcə təsdiqlənmədiyindən gecikmələr yaranıb, sakinlərə kirayə haqları yaxın günlərdə ödəniləcək”
Məsələ ilə bağlı Goranboy Rayon İcra Hakimiyyətindən bildirildi ki, büdcə təsdiqlənmədiyindən gecikmələr yaranıb. Sözügedən sakinlərə kirayə haqları yaxın günlərdə ödəniləcək.
Elxan Əliyev: “Şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən…”
Sosial sahə üzrə ekspert Elxan Əliyev qeyd etdi ki, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən, uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüş binalar sökülməli və yenidən qurulmalıdır: "Bu cür hallarda həmin ərazilər sökülərək, yerində yeni binalar inşa edilir və ərazidə yaşayan sakinlər tikilmiş yeni binalardakı mənzillərlə təmin edilir. Pilot layihələrlə inşa olunmuş binaların tikintisi dövlət tərəfindən aparıldığına görə, həmin binalar tikilib təhvil verilən zaman qaz, su, işıq, mərkəzi istilik sistemi və çıxarışla təmin olunur. Əlavə olaraq hər bir mənzil üçün ümumi sahəsindən 20 faiz artıq yaşayış sahəsi dövlət tərəfindən sakinlərə verilir”.
Günel CƏLİLOVA