Lerik uca dağlara sığındığına görə burada yaşayan insanlar da vüqarlı, saf, Vətəninə, dövlətinə bağlı, səmimi, xeyirxah və qonaqpərvərdirlər. Qaldı ki, doğma Azərbaycanımızın sürətlə inkişaf etdiyi bir vaxtda dağlar diyarında isə həllini gözləyən sosial məsələlər çoxdur. Məhz elə bu səbəbdəndir son illər kəndlərdə ata-baba ocağını tərk edənlərin sayı hər gün artır. Hətta burada elə kənd vardır ki, bütün evlərin qapıları qıfıllanıb.
30 ildir Lerikin kəndlərinə ictimai nəqliyyat işləmir. Sovet dağılanı rayon ərazisində fəaliyyət göstərən avtobus marşrutları da yoxa çıxmışdır. İndi əhali bundan əziyyət çəkir. Azərbaycanın heç yerində belə bir problem yoxdur. Lerikə qonşu olan Lənkəranda, Astarada mərkəzdən hər saat kəndlərə avtobuslar işləyir.
Son illər dövlət öz vətəndaşların rahatlığı üçün ətək-ətək pul tökərək Lerikin əksər yollarına asfalt döşəyib. Amma marşrut xətlərin ləğvindən istifadə edən ara sürücülər bu rahatlığı onların əlindən alıblar. Məcburiyyət qarşısında qalıb bir yerə çıxana elə qiymət deyirlər adamın onu verməyə gücü çatmır. Özü də daha çox gəlir əldə etməkdən ötrü qeyri-standart maşınlara üç dəfə artıq adam götürürlər. Öz başına yola çıxan sürücülər bu nalayiq hərəkətləri ilə insan həyatına həm də təhlükə yaradırlar. Bu haqda şikayətə isə rayonda məsul şəxslər tərəfindən məhəl qoyulmur.
Daster kənd sakini Adil Əmənov deyir: - Leriklilər uzun illərdir nəqliyyat sırasından böyük çətinliklər qarşısında qalıblar. Əvvəllər kəndimizə də avtobus işləyirdi. Vacib işimiz yarananda hazırda zülm çəkirik. Rayon mərkəzinə 15 manata gedib gəlirik. Köhnə avtobus xətlərin bərpası ilə çox problemimiz öz həllini tapa bilər.
Bəli, leriklilərin tək istəyi budur. Rayon rəhbərləri bunu bildikləri halda əməli bir iş görmürlər. Ümid qalır yenə də ölkə başçısına. Onun xəbəri olsa, problem tezliklə həllini tapacaq.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü