Lənkəran rayonunun ucqar kəndi sayılır Daştətük. Qədim tarixi malik bu yurd yerinin mənzərəli təbiəti adamı heyran edir. Kənd demək olar ki, başdan-başa yaşıllığa bürünüb. Vətən müharibəsində haqq savaşımızda yağıya qan qusdurub şəhidlik zirvəsinə ucalan Ülfət Qabil oğlu Babazadə bu kənddə böyüyüb boya-başa çatmışdır. Daştətüklülər öz qəhrəman oğlunun əziz xatirəsinə kəndin ən gözəgəlimli guşəsində park yaradıblar. Parkda bulaq və abidə kompleksi vardır. Buranı camaat özünə ən müqəddəs and yeri bilir.
Daştətükdə insanların narahatlığına səbəb olan sosial məsələlər də çoxdur. Birincisi rayon mərkəzindən buraya işləyən avtobus kiçik tutumlu olduğuna görə tələbatı ödəmir. Əhalinin sağlamlığına qayğı yoxdur. Kənddə ali savadlı həkimə ehtiyac vardır. Bankomatın təşkilinə ciddi ehtiyac yaranıb. Onun quraşdırmasına münasib yer də tapılar. Kəndin iç yolların təmiri çoxdandır yada düşmür. Son vaxtlar doğma yurduna bağlı gənclər özlərinə iş tapmaqda çətinlik çəkirlər. Daştətüklüləri daha çox əziyyətə salan isə kənddə “mavi” qazan yoxluğudur. Problem uzun illərdir həllini gözləyir. Səlahiyyətli şəxslər isə əməli iş görmək əvəzinə yalan vədlərlə saf, dövlətinə ürəkdən bağlı əhalini aldada bilirlər.
Daştətük camaatı evlərində odun yandırıb. Artıq meşə tükəndiyinə görə yanacaq odunun qiyməti beş qat qalxıbdır. Onu da əldə etmək indi müşkül məsələdir. Çıxış yolu yalnız kəndə qaz çəkməkdir. Hələ ki, rayonda xalqın taleyinə məsul olan şəxslər nədənsə onu görmək istəyində deyillər.
Bir məqamı da bildirim ki, ölkə başçısı İlham Əliyev son vaxtlar hər icra başçısını təyin etdikdə onlara dönə-dönə xatırladır ki, əsas məqsəd əhalinin xidmətində durmaqdır, onlara kömək etməkdir. Daştətük camaatı da ölkə rəhbərinə ürəkdən inanır. Deyirlər ki, bundan sonra yerli məmurların yalanı keçməz...
Təki belə olsun.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü