Dövlətin idmana göstərdiyi qayğı Lənkəran rayonunda da özünü göstərir. Rayon idmançıların respublika, dünya ölkələrində təşkil olunan yarışlarda qazandıqları qələbələr bir daha bunun canlı şahididir. Bu günlər isə Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilər arasında keçirilən Avropa çempionatında Lənkəranı Xasay Həsənli yunan-roma güləşi üzrə fəxri kürsünün birinci pilləsinə qalxıb.
Yarışlarda 77 kiloqram çəki dərəcəsində mübarizə aparan Xasay Həsənli ilk mərhələdə tatami üstündə bolqarıstanlı Martin Dimitrovla üz-üzə gəlir və tam üstünlüklə onu məğlub edir - 9:0. 1/4 finalda isə macarıstanlı Kriştofer Klany üzərində 7:0 hesabı ilə qələbə qazanaraq adını yarımfinala yazır. Yarımfinalda Xasayın rəqibi serbiyalı Aleksa İliç olur. Bu idmançıya da 5:1 hesabı ilə xalçada diz çökdürüb finala yüksəlir.
Lənkəranlı güləşçi martın 8-də qızıl medal uğrunda gürcüstanlı Davit Soloqaşvili ilə tatami üzərinə çıxır. Mübarizə başlanan ilk dəqiqələrdən təşəbbüsü ələ keçirən Xasay görüşün taleyini elə ilk hissədə həll edir. Rəqibinə 10:0 hesablı tam üstünlüklə qalib gəlib Avropa çempionu olur.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü