İstehsal və məişət tullantılarının, yəni zibillərin yığılması, daşınması və məhv edilməsi böyük bir problemə çevrilib. İdarə olunmayan – məhvi mümkün olmayan tullantılar yeraltı və yürüstü suların çirklənməsinə, ətraf mühitin zəhərlənməsinə, ev həşəratlarının, siçovul, siçan, tarakanların artmasına səbəb olur. Bu da, öz növbəsində, yoluxucu xəstəliklərin yayılması və çoxalması deməkdir.
Bu gün bir sıra ərazilərdə, o cümlədən bölgələrdə də zibillərin daşınması sahəsində problem var. Məsələn, Zaqatalanın şimal-qərb massivində yaşayan sakinlər illərdir ki, evlərinin bir addımlığında yerləşən məişət tullantılarının atıldığı poliqonla birgə yaşamaq məcburiyyətində qalıblar. Sakinlər bildirir ki, dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, bir faydasını görməyiblər: “Bizə deyirlər sənəd hazırlanır. Yer dəyişdiriləcək. Amma sənəd hazırlanıb bitmir. Evimizdə yaşaya bilmirik. Zibilin iyindən evdə otura bilmirik. Həmçinin, zibilxanada olan əqrəb, ilan və digər həşəratlar evimizə dolur. Problemin həlli ilə bağlı aidiyyəti qurumlara müraciət etsək də, bizə reaksiya verilmir”.
Həkim-terapevt Sevil Abbasova bildirdi ki, məişət tullantılarının qalaqlanması, vaxtında daşınmaması halları ilə tez-tez qarşılaşırıq: “Ümumiyyətlə, istər mərkəz ərazilərdə, istər bölgələrdə, istərsə də kənar qəsəbələrdə bu, həll edilməyən problem olaraq qalır. Məişət tullantılarının daşınmasına nəzarət edən şöbələr də vəziyyətdən sui-istifadə edirlər. Nəticədə əziyyət çəkən yenə əhali olur. Bəzi ərazilərdə məişət tullantılarının yandırılmasının şahidi oluruq. Zibillərin çox olduğu və çox yandırıldığı ərazilərdə insanlar ruhi və nevroloji xəstəliklər, davranış pozuntularından əziyyət çəkir, yeni doğulan uşaqlarda şikəstliklər və bəzi orqanların inkişafdan qalması kimi problemlər müşahidə olunur: “Zibilin yandırılması zamanı yaranan qazlar uşaqların inkişafına mənfi təsir göstərir, hamiləliyin yarımçıq qalması, vaxtsız uşaq ölümü ilə nəticələnə bilər".
Həkimin dediyinə görə, insan ömrünün qısalmasına təsir göstərən amillərdən biri də zibillərin yandırılmasıdır.
Günel CƏLİLOVA