Su həyat mənbəyidir. Sürətlə inkişaf edən texniki proseslər, sənaye tullantılarının nəinki yerüstü, həm də yeraltı su mənbələrini kimyəvi çirklənməyə məruz qoyduğu bir zamanda bu deyimin əhəmiyyətini daha aydın başa düşürük. Normal halda insan orqanizmində suyun payı 70 faizdən çox olduğundan, onun təmizliyini sağlamlıq üçün ən vacib amil saymaq olar. İçməli su amili isə ekologiyanın ən başlıca komponentlərindən biridir və Allahın insanlara verdiyi ən qiymətli nemətdir.
Bəzi bölgələrdə içməli su problemi yaşanır. Belə bir problem Biləsuvar rayonu, Nəsimi kəndindən də yan keçməyib. Kəndin sakinləri iddia edirlər ki, illərdir həm içməli su, həm də təsərrüfatlarının suvarılmasında Cənub Muğan kanalının suyundan istifadə ediblər. Amma son illər kanalda suyun çirklənməsi səbəbindən bu sudan içmək üçün istifadə edə bilmirlər.
Sakinlərin dediyinə görə, ətraf rayonlardan məişət tullantıları bu kanala atıldığı üçün su çirklənib. Ona görə də Cənub Muğan kanalından yalnız mal-qaranın suvarılmasında və təsərrüfat işlərində istifadə edirlər.
Sakinlər onu da qeyd edir ki, çirkləndirilmiş su kənddə yaşayan sakinlərin sağlamlığını risqə atır: “Suyun bu qədər çirklənməsi sağlamlığımıza ciddi təhlükə yaradır. Uşaqlar xüsusilə tez-tez xəstələnir. Kanalın suyuna əl vuran allergiyaya tutulur. Kənd sakinlərinin 90 faizinin xəstələnməsinə səbəb üfunət, mikrob daşıyıcısı olan çirkli sudur. Kənd təsərrüfatı bitkilərini də suvarmaq olmur”.
“Əhalini içməli su ilə təmin etmək məqsədilə müasir standartlara cavab verən modul tipli su qurğusu quraşdırılıb”
Biləsuvar Sukanal İdarəsinin rəisi Zaur Məmmədov bildirdi ki, əhalini içməli su ilə təmin etmək məqsədilə müasir standartlara cavab verən modul tipli su qurğusu quraşdırılıb. Həmin məntəqədən kənd ərazisini içməli su ilə təmin etmək məqsədilə 22 bulaq quraşdırılıb.
Sahə rəisinin sözlərinə görə, hazırda kənd sakinləri gün ərzində 12 saat içməli su ilə təmin edilir.
Günel CəLİLOVA