Satışda olan yağların tərkibində müxtəlif qarışıqların olması, onların təmiz olmaması ilə bağlı məsələ tez-tez gündəmə gəlsə də, bu problem illərdir həllini tapmır.
Ölkə əhalisi təmiz kərə yağı kimi əsasən “nehrə” yağı adı altında satlan məhsulları tanıyır. Ancaq belə bir fikir var ki, illər öncədən fərqli olaraq, indi “nehrə” yağı adı altında satışa çıxarılan məhsulların 90 faizi saxtadır. Bu səbəbdən də həmin yağların qiyməti ucuz olur. Adətən nehrə yağlarının qiyməti baha olur.
“İndiki milli nənələr bir az qatıq, bitki və marqarin yağını həmin nehrəyə tökürlər, guya kərə yağı hasil edirlər”
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bizimlə söhbətində bildirdi ki, hazırda əsas problemlərdən biri markalanma ilə bağlıdır. İstehlakçı üçün məlumat standartı olmadığından, hər kəs istədiyi kimi qarışıq yağları kərə yağı adı ilə markalayır. Malın üzərinə inək şəkli vurulur və “təbii təmiz yağ” yazılır: “İstehlakçı da buna aldanır və yağı alır, amma məlum olur ki, bu yağ bitki yağlarının qarışığıdır. Malın üzərində adı və tərkibi yazılmalıdır”.
Onun sözlərinə görə, nehrə yağı adı altında satılan yağlar da saxtadır: "İndiki milli nənələr bir az qatıq, bitki və marqarin yağını həmin nehrəyə tökürlər. Guya kərə yağı hasil edirlər. Ümumiyyətlə, rayonlardan gələn yağlarda ciddi problemlər var. Ona görə də araşdırma aparılmalıdır. Həmçinin bununla yanaşı, nehrə yağı altında yerli kütləvi istehsal malı da var. İkisi də nehrə yağı adı altında satılır. Analizlər göstərir ki, onun tərkibində heç 1 faiz belə nehrə yağı yoxdur. Qarışıq bitki yağlarından, marqarinlərdən və piylərdən qarışdırılıb istehsal edilirlər”. Birlik sədri bildirdi ki, saxta nehrə yağları insanlar üçün təhlükəli ola bilər: "Bu yağlar arzuolunan deyil. İnsanlara zərər verə bilər. Təhlükəli də ola bilər. Çünki primitiv üsulla hazırlanır. İstehlakçıları aldadırlar. Bunun üçün də gərək ölkədə effektli istehlakçı siyasəti olsun”.
Ekspert onu da vurğuladı ki, kəndlərdən şəhərə gətirilərək camış yağı adı altında satılan yağların da 90 faizi saxtadır. Heyvanların iç yağını qarışdırırlar və əridəndə pis qoxu gəlir. Bunlar insan sağlamlığı üçün təhlükəlidir. İndi kənd yerlərindən gətirilən yağların da tərkibinə müxtəlif qatqılar əlavə edilir. Bunu nehrə yağını əridərkən açıq şəkildə qoxusundan və görünüşündən müəyyən etmək olur.
Günel CƏLİLOVA