Ombudsman ödənişli parklama yerləri üçün “Vahid parklama kartı” sisteminin tətbiq edilməsini təklif edir.
Bu Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2021-ci il üzrə məruzəsində əksini tapıb.
Məruzədə avtomobil yollarının, parklama yerlərinin və səkilərin yenidən qurulması, o cümlədən müxtəlif təmir-bərpa işlərinin aparılması, habelə tədbirlərin keçirilməsi zamanı nəqliyyat vasitələrinin və piyadaların hərəkətinin təşkilinə diqqətin artırılması, bu barədə yol hərəkəti iştirakçılarının qabaqcadan kütləvi informasiya vasitələri və sosial şəbəkələr vasitəsilə, habelə həmin ərazilərdə müvafiq xəbərdaredici nişanlar və məlumat lövhələri quraşdırılmaqla məlumatlandırılmasına diqqətin artırılması təklif edilir.
Ombudsman ödənişli parklama yerləri üçün (özəl parklama yerləri istisna olmaqla) 8, 12 və 24 saatlıq abunə paketləri müəyyən edilməklə “Vahid parklama kartı” (vahid ödəniş aparmaqla abunə dövrü ərzində bütün ödənişli parklama yerlərindən istifadəyə imkan verən) sisteminin tətbiqini tövsiyə edir.
Parklanma problemi Azərbaycanda illərdir həllini gözləyən məsələlərdən biridir. Bu səbəbdən qeyd olunan təklif bu sahədə çətinliklərin aradan qaldırılmasına töhfə verə bilər.
Maraqlıdır, "Vahid parklama kartı"ndan istifadə sürücülərə hansı imkanlar yaradacaq?
Nəqliyyat eksperti Elməddin Muradlının sözlərinə görə artıq bir sıra parkinqlərdə bu cür kartlar tətbiq olunur: “Parklanma ilə bağlı ombudsman illik hesabatında təklif irəli sürüb. Təklif öz-özlüyündə yenilik kimi görünsə də, əslində artıq Bakı şəhərində vahid parklanma kartı, eyni zamanda qonşular üçün, tərəfdaşlar üçün kartlar təqdim olunur. Xüsusilə də, dövlətin nəzdində olan yeraltı parkinqlərdə bu proses qeyd olunan formada həyata keçirilir. Məsələn, siz Qış parkı, Azadlıq meydanının altındakı parkinqə yaxınlaşıb, hər hansı sənəd təqdim edərək, qonşuluqda yaşayan sakin, yaxud da iş yeri həmin ərazidə yerləşən şəxs olduğunuzu qeyd etsəniz, sizə aylıq kart təqdim olunur. O kart vasitəsilə, ay ərzində gündəlik ödənişlərin təqribən 1/3 həcmində vəsait ödəniləcək”.
Ekspert hesab edir ki, vahid kart yaradılmalı və bu bütün parkinqlərdə tətbiq olunmalıdır. Bu maraqlı bir ideyadır: “Belə ki, əldə edilən kartla parkomatlar qurulduqdan sonra parklanma etmək üçün parkinqlərə yaxınlaşılır. Maşını saxladıqdan sonra, hesablama aparılır. Parkinqi tərk etdikdən sonra kartı parkomata daxil etdikdə avtomobilin qaldığı müddətə görə ödəniş şəxsin balansından çıxılır.
Aidiyyatı qurumlar tərəfindən bu təklif dəyərləndirilsə yaxşı olacaq. Çünki Bakı şəhərində bununla həm yol polisi, həm Bakı Şəhər İcra Hakimiyyəti, həm də BNA məşğul olacaq. Respublikanın digər bölgələrində isə, dövlət yol polisi idarəsinin səlahiyyətində olan məsələdir”.
Günel CƏLİLOVA