Bazar günündən "Azərbaycan Hava Yolları" (AZAL) və “Buta Airways” aviaşirkətləri Rusiya Federasiyasının şəhərlərinə bütün reysləri müvəqqəti olaraq dayandırır.
“Sabahdan Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin tövsiyəsi ilə beynəlxalq uçuşlar zamanı yaranan risklərlə əlaqədar Rusiya aviaşirkətlərinin Azərbaycana reysləri qeyri-müəyyən müddətə dayandırılır”, - "Azərbaycan Hava Yolları" (AZAL) QSC-dən məlumat verilib.
AZAL-ın məlumatına görə, vəziyyət həmçinin tətbiq edilən sanksiyalarla bağlı beynəlxalq aviasiya sığortası və təkrarsığorta bazarında son dəyişikliklərlə əlaqəlidir. "Bu dəyişikliklər Azərbaycanın milli aviadaşıyıcısının fəaliyyətinə də təsir göstərmişdir. Mövcud şəraitdə AZAL və sığorta şirkətləri yaranmış vəziyyəti ətraflı təhlil etməli, bütün mənfi və müsbət təsirləri qiymətləndirməli, öz siyasətlərində bütün mümkün dəyişiklikləri araşdırmalıdırlar”, - məlumatda deyilir. Qeyd olunur ki, beynəlxalq uçuşlar yerinə yetirilərkən tam sığorta imkanının olmaması “ölkələrimizin vətəndaşları, aviaşirkətlər və digər hüquqi şəxslər üçün” əsassız risklər yaradır.
“Yuxarıda qeyd olunanlarla əlaqədar “Azərbaycan Hava Yolları” və “Buta Airways” aviaşirkətləri 6 mart tarixi saat 08:00-dan etibarən Rusiya Federasiyasının şəhərlərinə bütün reysləri dayandırır. Ləğv edilmiş reyslərin sərnişinləri uçuş tarixini dəyişmək və ya cərimə tətbiq edilmədən biletlərin dəyərini geri almaq hüququna malikdirlər", - məlumatda vurğulanıb.