Ötən illər ərzində bölgələrin elektrik təchizatı xeyli yaxşılaşsa da, hələ də müəyyən problemlər qalmaqdadır. Problem ondan ibarətdir ki, bir sıra kəndlərin elektrik təchizatı SSRİ-dən qalma ağac dirəklərlə təmin edilir. Bu isə küləkli havalarda tez-tez açılmalara səbəb olur.
Nəticədə bəzən müəyyən kəndlər günlərlə işıqsız qalır. Belə bir problem Xaçmazın Həsənqala kəndində yaşanır. Həsənqala kəndində əksər elektrik dirəkləri 1960-cı illərdə basdırılıb. İllər keçdikcə bu ağac dayaqlar çürüyüb və istismar müddətini başa vurub. Bir çox dirəklər aşma təhlükəsi ilə üz-üzə qalıb. Xüsusilə küləkli havalarda elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Bu da nəticədə 2 minə yaxın əhalisi olan kəndin elektrik enerjisi ilə təmin olunmasında problemə çevrilib.
Kənd sakinləri bildirir ki, işıqlar tez-tez sönür, dirəklərin köhnə olması insanların həyatı üçün təhlükədir.
“İlin sonunadək Xaçmazda ilkin mərhələdə 25 yaşayış məntəqəsində elektrik təsərrüfatının yenilənməsi nəzərdə tutulub”
“Azərişıq” ASC-nin nümayəndəsi bildirdi ki, Xaçmazın tam şəkildə işıqla təmin olunması üçün əsaslı işə başlanılıb: “Qısa müddət ərzində 600-ə yaxın dayaq basdırılıb, kabel xətti yenilənib. Ümumilikdə son bir ildə 5 kənddə köhnə transformator məntəqələri, yararsız kabellər, çürümüş ağac dayaqlar və sayğaclar yeniləri ilə əvəz olunub. İlin sonunadək Xaçmazda ilkin mərhələdə 25 yaşayış məntəqəsində elektrik təsərrüfatının yenilənməsi nəzərdə tutulub”.
Günel CƏLİLOVA