Avropada ən qısaboylu kişilər arasında Azərbaycan kişiləri birinci yeri tutub. “Europamapas” sorğu mərkəzi Avropada yetkin kişilər arasında ən uzun və ən qısa boylu ilk beş millətin siyahısını hazırlayıb. Siyahıda Azərbaycan Avropada ilk beşlikdə ən qısaboylu kişilər arasında 169.8 sm ortalama boyla 1-ci sırada qərarlaşıb. Ən uzun ortalama boylular arasında isə 182.5 sm-la Hollandiya ilk yerdədir.
Qeyd edək ki, bir neçə əsr əvvəllə müqayisədə insanların boyunun artdığı deyilsə də, ekspertlər daha öncəki illərə baxdıqda bunun əksinin müşahidə olunduğunu bildirir.
“Yağlı, ayaqüstü yeməklər çəkinin artmasına səbəb olur, bu da son nəticədə boyun alçaqlaşmasına gətirib çıxarır”
Endokrinoloq Lamiyə Əliyeva qeyd etdi ki, son illər ölkəmizdə də bu problem 30 faizədək artıb: “Bu problemin yaranmasında boy artımına təsir edən hormonların əskikliyi, genetik faktorların da təsiri danılmazdır. Ailədə atanın boyunun normada olması uşağın da hündürboy olacağı demək deyil. Çünki uşağın boyu həm atanın, həm də ananın genindən asılıdır”.
Həmsöhbətimizin sözlərinə görə, Azərbaycanda hündürboylu insanların sayının azalması cırlaşma faktoru ilə bağlıdır. Artıq ucaboy insanları nadir hallarda görürük: “Bunun səbəbi qohum nikahlarla bağlıdır. Qohum nikahlar Azərbaycanda ucaboy insanların sayının azalmasına təsir edən əsas səbəblərdən biridir.
Həmçinin, insanların çoxu elə bilir ki, əsas iş “əlinə nə keçdi” yeyib qarnını doldurmaq, tez-tez yeməkdir. XX əsr boyu insanların həyatı ağır olub, hər zaman doyunca yemək mümkün olmayıb. Təkcə yeməklə insan çox uzun yaşamır. Yağlı, ayaqüstü yeməklər çəkinin artmasına səbəb olur, bu da son nəticədə boyun alçaqlaşmasına gətirib çıxarır. Xaricdən gətirilən geni dəyişdirilmiş qida məhsulları da xarici görünüşə və sağlamlığa təsirsiz ötüşmür. Bu da, istər-istəməz, genin dəyişməsinə səbəb olunur. Statistikaya əsasən deyə bilərəm ki, ölüm düşərgəsində olub 90-100 il yaşayanlar var, yaxud aclıq illərindən keçib yenə uzun müddət yaşayıblar. Yəni aclıq insanın sağlamlığı üçün böyük bəlalara səbəb olmur. İndi o qədər cavan adamlar var ki, erkən dünyasını dəyişir”.
Günel CƏLİLOVA