Son illər şəxsən ölkə başçısı İlham Əliyevin tapşırığı əsasında respublikamızda yeni yolların çəkilişinə, köhnələrin yenidən dünya standartlarına uyğun bərpasına xüsusi diqqət göstərilir. İndi ucqar dağ rayonu olan Lerikin əksər kəndlərinin yolları çox rahatdır.
Dördüncü ildir Pirandan Hamarat kəndinə də asfalt yol çəkilib. Öz vətəndaşının rahat həyatını düşünən dövlət bu məqsədlə 11 milyondan artıq vəsait ayırdı. Asfalt yol Piran-Hamarat-Vıjaker kəndinə qədər getməli idi. Qaldı ki, Hamaratdan Vıjakerə qədər olan 5 kilometr məsafəni birləşdirən yolda heç bir iş görülmədi. Yerli məmurlar isə Piran-Hamarat-Vıjaker kənd yoluna tam asfalt döşəndiyini deməklə ölkə rəhbərinə yalan satdılar. Hələ ki, bu yalanın üstünü açan tapılmır...
Bunlar qalsın bir yana. Mənim deməyim odur ki, yol çəkilən gündən burada mühafizə içləri görülmür. Yağan yağışların yaratdığı palçıq uçqunları nəticədə yolun çox hissəsində su ötürücü boruların giriş-çıxışları tutulub. Kənar arxlar yararsız hala düşüb. Bunların təmizliyinə fikir verilmir. Yağışlı, qarlı günlərdə yaranan su yola axır. Bu da asfalt örtüyünü sıradan çıxarır. Asfaltın üstünə tökülmüş daş, palçıq həm də maşınların hərəkəti üçün təhlükə yaradır. Bu gedişlə müasir standartlara uyğun çəkilən Piran-Hamarat yolun ömrü yarıda qalar. Yolda yaranmaqda olan kiçik çalalar da bunu göstərir. Hal-hazırda yolun təmirə ehtiyacı vardır.
Onu da bildirim ki, Piran-Hamarat marşrutunda işləyən avtobus yoxa çıxdığı üçün yolda ara sürücülər hərəkət edirlər. Onların özbaşına təyin etdiyi gediş-gəliş haqqı əhalini razı salmır.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü