Bu gün bütün dünyada müzakirə olunan ən aktual və bir neçə qlobal məsələdən biri də ekoloji durum və ətraf mühitin mühafizəsidir. İçməli su amili isə ekologiyanın ən başlıca komponentlərindən biridir.
Bu problem, bütün dünyada olduğu kimi, ölkəmizdə də mövcuddur. Içməli su problemi Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park-2” yaşayış massivində qeydə alınıb. Sakinlərin dediyinə görə, artıq 4 günə yaxındır ki, içməli suyun verilməsində ciddi fasilələr yaşanır: “Hər gün su problemi yaşayırıq. Səhər saat 09:00-dan axşam saat 22:00-a qədər içməli su verilmir. Bir də gecə saatlarında kəsilir, səhər saat 6-da su verilir. Problemlə bağlı aidiyyəti qurumlara da müraciət etmişik. Bu gün-sabah problemin həll ediləcəyi qeyd edilsə də, hələ də içməli suyun verilməsində fasilələr olur”.
Məsələ ilə bağlı “Azərsu” ASC-dən bildirildi ki. problemin həlli istiqamətində işlər görülür: “Problem Oğuz-Qəbələ xəttində aparılan təmir bərpa işləri ilə əlaqəlidir. Qobu Park ərazisində içməli suyun qrafiklə verilməsinə səbəb budur. Gün ərzində içməli suyun qrafiklə verilməsi təmin edilir. Gün ərzində əraziyə 24 saat fasiləsiz içməli suyun verilməsi təmin ediləcək”.
Elxan Əliyev: “Gün ərzində əraziyə 24 saat fasiləsiz içməli suyun verilməsi təmin ediləcək”
Sosial sahə üzrə ekspert Elxan Əliyev bildirdi ki, bəzi ərazilərdə su problemi hələ də həll olunmayıb: “Müxtəlif bəhanələr gətirilərək ərazilərə suyun verilməməsi düzgün deyil. Bu sahədə çoxlu işlərin görülməsinə ehtiyac var. Su almaqla su problemi həll edilməz”.
Son olaraq qeyd edək ki, ölkə əhalisinin suya olan tələbatının ödənilməsi hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olub.
Günel CƏLİLOVA