Azərbaycanda qida və yem məhsullarının qablaşdırılması və etiketlənməsi zamanı onların təhlükəsizliyinə dair tələblər müəyyən edilir. Bu məsələ “Qida təhlükəsizliyi haqqında” yeni qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsində qeyd edilib ki, qida və yem məhsulları qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun olaraq onların dövriyyəsi zamanı təhlükəsizliyini təmin edə biləcək üsullarla qablaşdırılmalıdır.
Danılmaz faktdır ki, Azərbaycanda qida məhsullarının qablaşdırlması və etiketlənməsi sahəsində ciddi problemlər var.
Maraqlıdır, “Qida təhlükəsizliyi” haqqında yeni qanun layihəsində bu problemlər necə həll olunacaq?
“İranda istehsal olunan ərzaq mallarının markalanmasına diqqət yetirdikdə istehsal və son istifadə tarixlərinin fars əlifbası ilə yazıldığını görürük”
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirdi ki, daha çox maye halında olan qida məhsularının qablaşdırılmasının dəyişdirilməsinə ehtiyac var: “Çünki bir çoxları plastik qablaşdırmalardadır. Məsələn, sular, şirələr, süd məhsulları və s. bu siyahıya daxildir. Çox təəssüflər olsun ki, bəzən biz spirt tərkibli mayelərin də plastik qablaşdırılmalarda olduğunu görürük. Həmçinin, malların etiketləndirilməsində də çox böyük problem var. İstehlakçının mal haqqında informasiya almaq hüququ pozulur. İstehlakçı, xüsusən ərzaq malları haqqında məlumatı birbaşa malın etiketindən alır. İstehlakçının beynəlxalq və yerli hüquqlarından biri də məhz mal haqqında milli dildə informasiya almaq hüququdur. Ən acınacaqlı hal isə məhz İrandan idxal edilən ərzaq mallarındadır. AİB-in ofisinə istehlakçılar tərəfindən etiraz müraciətləri ilə gətirilən İranda istehsal olunan ərzaq mallarının markalanmasına diqqət yetirdikdə Azərbaycan dilindən başqa digər dillərdə məlumat olduğu görünür, lakin ərzaq malları üçün çox mühüm göstərici olan istehsal və son istifadə tarixlərinin fars əlifbası ilə yazıldığını görürük”.
Günel CƏLİLOVA