“Bəzi müəllimlər uşaqların öyrənməsinə xidmət edən fəaliyyətlə məşğul olmurlar”. Bunu təhsil naziri Emin Əmrullayev gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün təsdiqlənən Dövlət Proqramı ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, sinfin idarə edilməsi ilə bağlı müəllimlərin bir qisminin təlimlərə cəlb olunmasına ehtiyac var: “Müəllimlər dərsdən sonra müəyyən işləri görə bilərlər ki, dərs zamanı bu kimi işlər onların vaxtını almasın”.
Qeyd edək ki, son dövrlər həm müəllimlər, həm də şagirdlər bu vəziyyətdən narazılıq edir. Sosial şəbəkələrdə bununla bağlı şikayətlərin sayı-hesabı yoxdur. Hər kəs müəllimin sənəd yazmaqdan dərsə vaxt ayıra bilmədiyini söyləyir. Bu problemin həlli üçün hansı işlər görülməlidir?
“Pedaqoqların yazı-pozu işləri artıb, summativ, formativ, diaqnostik qiymətləndirmə və digərləri müəllimin işini xeyli ağırlaşdırır”
Təhsil eksperti Nizami Hüseynov qeyd etdi ki, insanın şəxsiyyət kimi formalaşmasında, onun təhsil və inkişafında müəllimin rolu danılmazdır: “Müəllimin vəzifəsi dərs dediyi şagirdlərin bilik və bacarıqlarını formalaşdırmaqdır. Təəssüf ki, son zamanlarda müəllimlərin iş yükü həddən artıq çoxalıb. Məlumdur ki, kurikulum sisteminin tətbiqindən sonra problemlər daha da artmağa başlayıb. Bu səbəbdən də müəllimlərin iş yükü artıb. Yəni pedaqoqların yazı-pozu işləri artıb. Summativ, formativ, diaqnostik qiymətləndirmə və digərləri müəllimin işini xeyli ağırlaşdırır. Qeyd etdiyim kimi, müəllimin əsas işi proqram materialını hazırlayaraq şagirdə çatdırmaqdır. Təhsil naziri özü də son brifinqdə bu məsələyə diqqət yetirdi. Hesab edirəm ki, bu gün təhsilin keyfiyyətindən danışırıqsa, müəllimin əsas işi kimi onun dərsə hazırlaşmasına imkan yaradılmalıdır.
Müəllimi əlavə prosedurlardan azad etmək lazımdır. Bu istiqamətdə müəyyən işlərin aparılmasına ehtiyac var”.
Günel CƏLİLOVA