Müxtəlif dövlət qurumları müxtəlif istiqamətlər üzrə tenderlər keçirirlər. Yəni biz onların bu barədə elanlarına tez-tez rast gəlirik. Diqqət çəkən məsələlərdən biri odur ki, bu tenderlərdə əsasən eyni şirkətlər qalib olur. Kənardan baxana da belə gəlir ki, sanki ölkədə bu şirkətlərdən başqa şirkət yoxdur.
İndiyə qədər mətbuatda bir çox nazirlik və qurumların keçirdiyi tenderlərlə, tenderi udan qurumlarla bağlı şübhəli fikirlər mövcuddur. Bəziləri iddia edir ki, tenderdə iştirak edən şirkətlərlə qurumlar əlbir işləyir və sair. Bu barədə kifayət qədər fikirlər rəylər var. Qeyd edək ki, bir çox ekspertlər hesab edir ki, bir dövlət qurumunun keçirdiyi tenderlərdə həmişə eyni şirkət qalib gəlirsə, burada həm şübhəli məqamlar var, həm də bu inhisarçılıq sayılmalıdır. Həmçinin də tenderlərin əksəriyyətinin şəffaf keçirilmədiyinə dair iddialar həddən artıq çoxdur.
Son dövrlər barəsində daha çox tənqidi fikirlər bildirilən Bakı Nəqliyyat Agentliyinin (BNA) keçirdiyi tenderin qalibi olan qurum haqqında da diqqətçəkən məlumatlar yayılıb. Mətbuatda yayılan məlumata görə, BNA “ARIS” MMC ilə satınalma müqaviləsi imzalayıb, dövlət satınalmaları portalından məlum olub ki, 2022-ci ilin fevral ayında BNA ilə “ARIS” MMC arasında iki satınalma müqaviləsi imzalanıb. Medianın araşdırması zamanı isə məlum olub ki, son iki ildə BNA və ona tabeli qurumlar “ARIS” MMC ilə maliyyə dəyəri 5 994 028.89 AZN təşkil edən 7 satınalma müqaviləsi imzalayıb.
BNA-nın keçirdiyi tenderlərdə eyni şirkətin 7 dəfə tenderi udması nə ilə izah oluna bilər? Niyə məhz “ARIS” MMC qalib elan edilib?
“...Səslənən fikirlər əsassızdır”
BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev “Bakı-Xəbər”ə bildirdi ki, tender müsabiqələri zamanı müraciət edən bütün sahibkarlara iştirak üçün bərabər hüquq təmin edilməklə şəffaf şərait yaradılıb: “Mallar və xidmətlər üzrə satınalınmalar Azərbaycan Respublikasının Dövlət Satınalmalar haqqında qanunun tələblərinə uyğun təşkil edilir. Qanuna əsasən, Bakı Nəqliyyat Agentliyinin həyata keçirdiyi bütün satınalma prosedurları Dövlət satınalmaları vahid internet portalı üzərindən həyata keçirilir. O cümlədən, sözügedən şirkətin qalib olduğu tender müsabiqələri də bu normalar çərçivəsində icra edilib. Tender müsabiqələri zamanı müraciət edən bütün sahibkarlara iştirak üçün bərabər hüquq təmin edilməklə şəffaf şərait yaradılıb. Xüsusilə qeyd edim ki, elektron tenderlərin təşkili zamanı qalibin müəyyən edilməsi əsas şərtlər toplusunda əksini tapan meyarlar nəzərə alınmaqla sistem tərəfindən müəyyən edilir. İddiaçılar arasında qiymətlər üzrə ən səmərəli təklif təqdim şirkət sistem tərəfindən qalib elan edilir.
Yəni bəzi informasiya saytlarında “ARIS” MMC-nin qalib elan olduğu tenderlərlə bağlı səslənən fikirlər əsassızdır. Hesab edirəm ki, siz özünüz də media qurumu olaraq satınalmaların vahid elektron portalı ilə bağlı araşdırma aparsanız prosesin tam şəffaflığı barədə daha müfəssəl məlumat əldə edə bilərsiz. Bu gün yayılan informasiyada müqavilələr üzrə məbləğin, eləcə də digər məlumatların açıq göstərilməsi bu sistemin və prosesin səffaflıq dərəcəsini göstərir”- deyə M.Ağayev vurğuladı.
İradə SARIYEVA