Masallı cənub bölgəsinin inkişaf etmiş rayonu sayılsa da, burada sosial problemlərin yaratdığı çətinliklər hələ qalır. Yerli məmurların biganəliyi üzündən rayondakı Şəhriyar kəndinin yolları tamam dağılıb. Dediyim yolda hərəkət etmək çox çətindir. 3 kilometr məsafəni birləşdirən bu keçilməz yol Şəhriyar və Qarğalıq kəndləri arasında yerləşir.
Yol yararsız hala düşdüyünə görə Şəhriyar kəndinə heç bir nəqliyyat vasitəsi işləmir. Hətta ağır xəstə olanda təcili yardım maşını tozun, palçığın əlindən kəndə girə bilmir. Yağışlı günlərdə palçığı dizə sıxan yolla uşaqlar günlərlə məktəbə gedə bilmirlər. İllərlə davam edən bu ağır vəziyyətə görə Şəhriyar kəndindən baş götürüb gedənlər də var. Artıq 30-a yaxın ailə doğma yurd yerini tərk edib.
Sakinləri narahat edən yolla bağlı Şəhriyar kəndinin balansında olduğu Qarğalıq kənd bələdiyyəsinə müraciət olunub. Hələlik bir yenilik yoxdur. Daha dəqiq desək, yerli məmurlar ölkə başçısının xüsusi tapşırığı əsasında insanların rahatlığı naminə respublikada gedən abadlıq, quruculuq işlərdən nümunə götürüb dağılmış yolun təmirini düşünmürlər.
Lənkəranda isə piyadalar üçün olan körpü çoxdan ömrünü başa vurub.
Sözügedən körpü, Heydər Əliyev prospekti, bayraq meydanının yanından Göyşaban kəndinə keçən yolda yerləşir. Ərazidə 2 körpü var: biri nəqliyyat vasitələri, biri isə piyadalar üçündür. Piyadalar üçün olan istifadəyə yararsız körpüdə indi hərəkət etmək qorxuludur. Məhz bu səbəbdən adamlar çayın üzərindən keçib Göyşaban kəndinə getməkdən ötrü məcburən avtomobillərin hərəkət etdiyi körpüyə üz tuturlar. Burada isə piyadalar üçün zolaq yoxdur.
İndi sakinlər çayı keçməklə həyatlarını təhlükə qarşısında qoyurlar. Vəziyyət çətin olsa da, Lənkəranda xalqın taleyinə məsul olan səlahiyyət sahibləri dağılmış körpünün təmiri ilə maraqlanmır.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü