Zəngin təbii sərvətləri olan Azərbaycanda bu sərvətlərdən səmərəli istifadə yolu ilə insan kapitalının daha da inkişaf etdirilməsi başlıca amilə çevrilib. Ölkəmizdə təhsilin inkişafına göstərilən diqqət və qayğı təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin əsas prinsiplərini təşkil edir. Son illərdə müasir məktəb binaları tikilir, təhsil müəssisələri üçün yeni korpuslar inşa olunur. Bu proses ölkəmizin bütün bölgələrini əhatə edir.
Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı qəbul edilən xüsusi Dövlət Proqramında da məktəb tikintisi əsas yerlərdən birini tutur. Proqramda nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq, bütün sosial sahələrdə olduğu kimi, təhsil müəssisələrinin əsaslı şəkildə yenidən qurulması, yeni məktəb binalarının, uşaq bağçalarının inşası prosesi də məqsədyönlü şəkildə uğurla həyata keçirilir.
Lakin bu istiqamətdə işlər görülməsinə baxmayaraq, hələ də bölgələrdə təmirsiz, baxımsız, istiliklə təmin olunmayan məktəblər mövcuddur.
Belə bir vəziyyət Masallı rayonunun Miyankü kənd orta məktəbində müşahidə olunur. Kənd dağlıq ərazidə yerləşdiyinə görə qışı sərt keçən kəndlərdəndir. Belə bir yerdə orta məktəbdə bir aya yaxındır ki, istilik yoxdur. Kənd sakinlərinin sözlərinə görə, istilik olmadığından son bir həftədə şagirdlərin bir çoxu xəstələnib. Ona görə valideynlər uşaqları məktəbə buraxmamaq qərarına gəlib.
“Azəriqaz”: “Hazırda məktəbdə yaranmış çətinlik binadakı qazanxana ilə bağlıdır”
Məsələ ilə bağlı “Azəriqaz”ın ictimaiyyətlə əlaqələr şöbəsindən bildirildi ki, Miyankü kənd orta məktəbinə qazın verilməsində problem yoxdur. Hazırda məktəbdə yaranmış çətinlik binadakı qazanxana ilə bağlıdır: “Qazanxanada problem yaranıb, təhlükəsizliklə əlaqədar qazın verilməsi müvəqqəti dayandırılıb. Təmir işləri başa çatan kimi qaz veriləcək”.
“Azəristiliktəchizat” ASC: “Qazanxana məktəbin özünün balansında olduğuna görə yaranmış problemlə əlaqədar təmir işləri də…”
“Azəristiliktəchizat” ASC-dən isə qeyd olundu ki, qazanxana məktəbin özünün balansında olduğuna görə yaranmış problemlə əlaqədar təmir işləri də onların özləri tərəfindən həyata keçirilməlidir.
Nizami Hüseynov: “Məktəblər istilik sistemi ilə tam təchiz olunmalı, istixanalar işləməlidir”
Təhsil eksperti Nizami Hüseynov bildirdi ki, məktəblər istilik sistemi ilə tam təchiz olunmalı, istixanalar işləməlidir: “Əgər valideynlər şikayət edirsə, deməli, hardasa çatışmayan məqamlar var. Bu barədə Təhsil Nazirliyi müvafiq ölçü götürməlidir. Eyni zamanda, hansı məktəblərdə sırf istilik təchizatı sahəsində problemlər varsa, bununla bağlı valideynlər deyil, Təhsil Nazirliyi aidiyyəti qurumlara müraciət etməlidir. Onu da nəzərə almaq lazımdır ki, koronavirusun hələ davam etdiyi dövrdə məktəblərin istilik təminatı yerində deyilsə, o zaman uşaqların həm virusa yoluxması, həm də soyuqlaması ehtimalı artır”.
Günel CƏLİLOVA