Müasir texnologiyalar, elektron xidmətlərin tətbiqi sayəsində bir çox sahələrdə vətəndaşların işi rahatlaşır. Bunlardan biri də naviqasiya xidmətinin - elektron xəritələrin tətbiqidir. Dünyanın bir çox ölkəsində geniş şəkildə istifadə olunan bu sistemdən ölkəmizdə də istifadə sayı getdikcə artmaqdadır. Çünki təyin olunan ünvanı tapmaqda bu sistem qısa zamanda köməkçimiz olur.
Bəzən istifadəçilər sistemin tamamilə düzgün işləməməsindən də şikayətlənirlər. Lakin bütün hallarda, sistem vətəndaşların işini asanlaşdırmaq üçün yaxşı vasitədir. Naviqasiya xidmətindən istifadə edən və bu barədə məlumatlı adamlar çox olsa da, bu sistem haqqında tam məlumatı olmayanlar da var.
Qeyd etdiyimiz kimi, naviqasiya proqramının əsas mahiyyəti yolu tanımayan şəxsə ünvanı düzgün göstərməkdir. Təəssüf ki, son zamanlar naviqasiya proqramından istifadə edənlər narazılıq edir. Onların narazılığına səbəb isə naviqasiya proqramının yanlış yol göstərməsidir. Ən problemli məsələ odur ki, bəzi naviqasiya şirkətləri Azərbaycan torpaqlarını erməni adı ilə göstərir.
"Maxim”, “Yandex” taksi şirkətlərinin istifadə etdiyi naviqasiya şirkətlərində Azərbaycanın tarixi torpaqları erməni adı ilə qeyd olunur.
“Maxim”, “Yandex” kimi taksi şirkətlərinin istifadə etdiyi naviqasiya şirkətləri var ki, orada Azərbaycanın tarixi torpaqları erməni adı ilə qeyd olunur”
Yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı qeyd etdi ki, Azərbaycanda istifadə olunan bir çox naviqasiya sistemləri var. Onlardan ikisi daha etibarlıdır. Biri dövlət tərəfindən yaradılmış “AzMap” naviqasiya sistemidir. Digəri isə “Caspian NavTel” naviqasiya sistemidir: “Digərləri, çox təəssüflər olsun ki, pul xərcləməmək üçün “Google Maps”dan və ya digər ölkələrin naviqasiya sistemindən istifadə edirlər. Həmin ölkələrin naviqasiya sistemi dəqiq olmur. Ən böyük problem də odur ki, “Maxim”, “Yandex” kimi taksi şirkətlərinin istifadə etdiyi naviqasiya şirkətləri var ki, orada Azərbaycanın tarixi torpaqları erməni adı ilə qeyd olunur. Bu baxımdan Azərbaycan naviqasiya sistemlərindən istifadə ilə bağlı qanunvericilik səviyyəsində məsələyə baxmalıdır. Başqa ölkələrin naviqasiya sistemlərini burada tətbiq etməyə heç bir lüzum yoxdur. Çünki dövlətin yaratdığı mükəmməl sistem var. Onlar üçün fərqi yoxdur ki, həmin şirkət bizim ərazilərimizi Azərbaycan və ya erməni dilində yazıb. Həmin sistemləri təkmilləşdirmək üçün dövlətin nəzarətində olan müəssisələri qanunvericilik səviyyəsində elə təkmilləşdirmək lazımdır ki, hər kəs rəsmi naviqasiya sistemindən istifadə etsin”.
Günel CƏLİLOVA